CƏMİYYƏT
Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadənin doğum günündə xatirəsi anılıb
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da Vətən müharibəsi şəhidi Məhəmməd İsmayılzadənin doğum günündə xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, şəhidin məzun olduğu 317 nömrəli tam orta məktəbdə bu münasibətlə təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, şəhid anaları, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəbin şagirdləri tərəfindən Məhəmməd İsmayılzadənin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan nur üzlü şəhidimizə Allahdan rəhmət diləyib, təsəllimizin şəhidlərimizin qisasının alınması, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində Azərbaycanın əzəli torpaqlarının düşmən tapdağından azad edilməsi olduğunu vurğulayıb. Qeyd edib ki, gənc nəsil şəhidlərimizin qanı-canı bahasına qazanılan Qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daim qoruyub saxlamalı və gələcək nəsillərə ötürməlidirlər.
Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərov, direktor Əliqismət Səfərov, şəhid Məhəmməd İsmayılzadənin valideynləri, döyüş yoldaşları, müəllimləri bildiriblər ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Azərbaycan Ordusunun qələbə əzmi və yüksək peşəkarlığı sayəsində torpaqlarımız düşmən işğalından azad edildi. Vətənin azadlığı uğrunda canını fəda edən igid oğullarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Sonra iştirakçılar Məhəmməd İsmayılzadənin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş bulaq-abidə kompleksi və Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub.
Daha sonra şəhidin doğum günü münasibətilə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Məhəmməd İsmayılzadə 2020-ci ilin oktyabrın 25-də Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.