CƏMİYYƏT
Vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyən şəxslə bağlı cinayət işi başlanıb
Bakı, 23 aprel, AZƏRTAC
Vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. F.Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, o, zərərçəkənlərin ümumilikdə 178 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in 102 Xidməti - Zəng Mərkəzinə, ərazi polis orqanlarına və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.