SİYASƏT
Veteran pedaqoq Tahir Xası: Biz Gəncə hadisələrini planlaşdıranların və həyata keçirənlərin ağır cəzalandırılmasını istəyirik
Ağsu, 12 iyul, AZƏRTAC
İyulun 10-da Gəncədə bir qrup şəxsin törətdiyi təxribat, iki polis zabitinin qətlə yetirilməsi Ağsu ziyalıları tərəfindən də hiddətlə qarşılanıb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində veteran pedaqoq Tahir Xası bildirib.
Tahir Xası qeyd edib ki, Gəncə şəhərində baş verən hadisələr Azərbaycandakı sabitliyi, əmin-amanlığı, inkişafı gözü götürməyən xarici qüvvələrin havadarlığı ilə daxildəki radikal qrupların qanunazidd əməlləridir. Gəncə kimi böyük bir şəhərin icra başçısına və asayışi qoruyan yüksəkrütbəli polis işçilərinə qarşı terror aktları Ağsu rayonunun da ziyalılarının hiddətinə səbəb olub. Biz bu əməlləri planlaşdıran və həyata keçirənlərin ağır cəzalandırılmasını istəyirik. Gənclərə çağırış edərək bildiririk ki, ayıq-sayıq olsunlar. Onlar sabitlik və əmin-amanlıq diyarı olan, müxtəlif xalqların nümayəndələrinin mehribanlıq və dostluq şəraitində yaşadığı Azərbaycanda xaos və qarşıdurma yaradılması üçün göstərilən cəhdlərin qarşısının alınmasında dövlət orqanlarının yanında dayansınlar. Biz əminik ki, Azərbaycanda qarşıdurma və xaos yaratmaq istəyənlər qanunlarımızın sərt üzünü görəcəklər və ciddi cəzalandırılacaqlar.
Veteran pedaqoq sözünə davam edərək deyib: “Ölkəmizin sürtəli inkişafı göz qabağındadır. Bu yaxınlarda Milli Ordumuzun 100 illiyinə həsr edilən parad Azərbaycanın hərbi potensialının, Silahlı Qüvvələrimizin qüdrətinin nümayişi oldu. Bu cür inkişafı görən düşmənlər təxribat törətmək yolunu tutublar. Qəti əminəm ki, heç bir qüvvə terror aktları və digər fitnə-fəsadlarla Azərbaycanın inkişafını dayandıra bilməyəcək”.