“VETERANLAR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, N-16, maddə 213; 1995-ci il, N-9, maddə 177, N-14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, N-1, maddə 16, N-2, maddə 66; 1999-cu il, N-5, maddə 283, N-7, maddə 395; 2001-ci il, N-12, maddə 731; 2004-cü il, N-4, maddələr 199, 202, N-7, maddə 505; 2005-ci il, N-8, maddə 684) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 3-cü maddəyə aşağıdakı məzmunda ikinci hissə və Qeyd əlavə edilsin:
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.”.
2. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi
Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
Veteran adları və vəsiqələləri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 aprel 2006-cı il.