VETERANLARA QAYĞI GÖSTƏRİLİR
Minsk, 26 fevral (AZƏRTAC). MDB İcraiyyə Komitəsində Böyük Vətən müharibəsi (BVM) iştirakçıları və əlilləri, başqa dövlətlərin ərazisində hərbi əməliyyatların iştirakçıları, həlak olmuş hərbi qulluqçuların ailələri üçün güzəşt və təminatların qarşılıqlı surətdə tanınması barədə Sazişə düzəlişləri müzakirə edəcək Dövlətlərarası İşçi qrupunun ikigünlük iclası açılmışdır.
Qurumun mətbuat xidmətindən bildirilmidir ki, MDB-nin iştirakçısı olan bütün dövlətlərin 1994-cü il aprelin 15-də imzaladıqları saziş veteranların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmişdir. Sənədə görə, BVM veteranlarının, başqa dövlətlərin ərazisində döyüş əməliyyatlarının iştirakçılarının, həlak olmuş hərbi qulluqçuların MDB ölkələri ərazisində yaşayan ailələrinin güzəştli tibbi yardım və dərman təminatı hüququ, iş yerlərində sanatoriya və istirahət evinə yollayışlarla təminatda üstünlükləri və başqa güzəştləri vardır. Bundan əlavə, öz ölkəsində güzəştli dərman təminatı olanlar Birliyin istənilən ölkəsində pulsuz təcili və təxirəsalınmaz tibbi yardım, poliklinika həkimlərinin reseptləri ilə pulsuz, yaxud 50 faiz güzəştlə dərman ala bilərlər. Məişət, ticarət, ictimai-iaşə, mənzil-kommunal təsərrüfatı, nəqliyyat xidməti müəssisələri və təşkilatları tərəfindən güzəştli xidmət göstərilməsi də nəzərdə tutulmuşdur.
Sazişdə deyilir ki, MDB dövlətləri məzarların, BVM iştirakçılarının və əlillərinin, başqa dövlətlərin ərazisində hərbi əməliyyatların iştirakçılarının abidələrinin mühafizəsinin təmin olunması üçün tədbirlər görürlər.
Lakin Birliyin bəzi ölkələrində güzəştlərin pula çevrilməsi və sadələşdirilməsi ilə əlaqədar sazişin bir sıra müddəalarına düzəlişlər edilməsi tələb olunur. Müvafiq düzəlişlər ekspertlərin diqqət mərkəzindədir.