MƏDƏNİYYƏT
Veysəm Əyyub İbrahim Əlazavi: Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətini dünyada tanıtmaq üçün gözəl fürsətdir
Bakı, 12 mart (AZƏRTAC). Bakıda artıq üçüncü dəfədir ki, keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətini dünyada tanıtmaq üçün gözəl fürsətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalında iştirak edən İraqın “İraqi maqam” musiqi kollektivinin solisti Veysəm Əyyub İbrahim Əlazavi demişdir.
Bakıya ilk dəfə gəldiyini deyən qonaq şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açmışdır.
Veysəm Əyyub İbrahim Əlazavi Xəzər dənizi, İçərişəhər, Qız qalasının onda unudulmaz təəssürat oyatdığını qeyd etmişdir. Bu yerlərdən zövq aldığını deyən qonaq Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırmışdır.
Qonaq, həmçinin şəhərdəki restoranların, Azərbaycan mətbəxinin, milli yeməklərin çox gözəl olduğunu demişdir. Vurğulamışdır ki, bu ölkənin insanları çox mehriban, qayğıkeş və enerjilidirlər.