VI FƏSİL
İNVESTİSİYALAR
Maddə 62. Sığortaçının investisiya siyasəti
62.1. Hər bir sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir əldə etmək məqsədi ilə bu Qanunun tələblərinə cavab verən, sığortaçının öhdəliklərinin strukturunu adekvat əks etdirən səmərəli investisiya siyasətini müəyyənləşdirməli və ona əsasən fəaliyyət göstərməlidir.
62.2. Sığorta nəzarəti orqanı sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydalar müəyyənləşdirir.
Maddə 63. Sığortaçının öz vəsaitlərinin investisiyaya yönəldilməsi
63.1. Sığortaçının öz vəsaiti etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və bu vəsaitin onun məcmu kapitalının hesablanması üçün qəbul edilən hissəsi aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:
63.1.1 dövlət qiymətli kağızları;
63.1.2 bank hesablarındakı pul vəsaitləri;
63.1.3 daşınmaz əmlak;
63.1.4 qeyri-dövlət qiymətli kağızları;
63.1.5 digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər;
63.1.6 öz işçilərinə borc verilmiş pul vəsaitləri.
63.2. Sığortaçının aktivlərin bu Qanunun 63.1.1-63.1.6-cı maddələrində göstərilməyən qruplarına investisiyaya yönəldilmiş öz vəsaiti onun məcmu kapitalının hesablanmasında nəzərə alınmır.
63.3. Sığortaçının öz vəsaitinin investisiyaya yönəldilməsi bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.
Maddə 64. Sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin
investisiyaya yönəldilməsi
64.1. Sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:
64.1.1. dövlət qiymətli kağızları;
64.1.2. bank hesablarındakı pul vəsaitləri;
64.1.3. daşınmaz əmlak;
64.1.4. qeyri-dövlət qiymətli kağızları;
64.1.5. sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları;
64.1.6. sığorta ehtiyatlarında təkrarsığortaçıların payı;
64.1.7. həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul vəsaitləri.
64.2. Sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri aktivlərin bu Qanunun 64.1.1-64.1.7-ci maddələrində göstərilməyən qruplarına investisiyaya yönəldilə bilməz.
64.3. Sığortaçının sığorta ehtiyatlarını təmin edən pul vəsaitlərinin investisiyaya yönəldilməsi bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir.
Maddə 65. Sığortaçı tərəfindən verilən borclar
65.1. Həyat sığortası sahəsində fəaliyyət göstərən sığortaçı bu Qanunun 17.1-ci maddəsinin tələblərinə uyğun olaraq sığortalılar və ya sığorta olunanlardan, həmçinin öz işçilərindən başqa heç kəsə borc verə bilməz.
65.2. Həyat sığortası sahəsində fəaliyyət göstərməyən sığortaçı bu Qanunla nəzərdə tutulmuş qaydada öz işçilərindən başqa heç kəsə borc verə bilməz.
Maddə 66. Digər hüquqi şəxsdə mühüm iştirak payının alınmasına
razılıq
66.1. Bu Qanunun 66.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, sığortaçı özünün törəmə cəmiyyətlərindən başqa sığorta nəzarəti orqanının razılığı olmadan digər hüquqi şəxslərin nizamnamə kapitalında mühüm iştirak payına sahib ola bilməz.
66.2. Sığorta nəzarəti orqanı digər hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoymaq üçün razılığın verilməsi barədə sığortaçının müraciətinə baxarkən vacib və ya lazım hesab etdiyi məlumatları, yaxud izahatları ondan tələb edə bilər.
66.3. Sığorta nəzarəti orqanı digər hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoymaq üçün bu Qanunun 66.1-ci maddəsində nəzərdə tutulmuş razılığın verilməsi üçün müraciətə onun daxil olduğu tarixdən etibarən 15 iş günü ərzində baxaraq müvafiq qərarı barədə müraciət edənə yazılı bildiriş göndərir.
66.4. Aşağıdakı şərtlərin hər ikisi eyni zamanda mövcud olduqda sığortaçı sığorta nəzarəti orqanının razılığını almadan yerli hüquqi şəxsin nizamnamə kapitalına investisiya qoya bilər:
66.4.1. hüquqi şəxsin nizamnamə kapitalına yönəldilən investisiyanın həcmi investisiya qoyan sığortaçının məcmu kapitalının 2 faizindən çox deyilsə;
66.4.2. nizamnamə kapitalına investisiya qoyulan hüquqi şəxs maliyyə sahəsində fəaliyyət göstərirsə.
Maddə 67. Sığortaçının törəmə cəmiyyətləri
67.1. Sığortaçının törəmə cəmiyyətləri aşağıdakılar ola bilər:
67.1.1. yerli və ya xarici sığortaçı;
67.1.2. bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyət növlərindən hər hansı birini həyata keçirən hüquqi şəxs.