REGİONLAR
VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk konsertləri tamaşaçı rəğbəti qazanıb [YENİLƏNİB]
Füsunkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ yenidən musiqisevərləri bir araya toplayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb. Proqrama uyğun olaraq, iyulun 30-da Heydər Əliyev adına Konqres Mərkəzində Azərbaycanın tanınmış gənc pianoçularının və musiqiçilərinin iştirakı ilə kamera konserti olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Filarmoniyasının solisti, bir çox beynəlxalq müsabiqələrin qalibi və musiqi festivallarının iştirakçısı, pianoçu Tofiq Şıxıyev, simfonik, kamera, vokal və piano üçün əsərlərin müəllifi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ceyhun Allahverdiyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü, pianoçu Vurğun Vəkilov, Bülbül adına orta ixtisas musiqi məktəbinin yetirməsi, Prezident təqaüdçüsü, pianoçu Gülər Ağayeva, vokalçılar - Azərbaycan Televiziya və Radiosunun solisti Aytac Şıxəlizadə və Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayevin iştirakı ilə keçirilən kamera konsertində F.Şopenin “Fantaziya”, S.Raxmaninovun “Etüd”, “Prelüd”, A.Skryabinin “Poema”, Niyazinin “Vətən nəğməsi”, M.Maqomayevin “Odlar Yurdu” və digər dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.
Daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Görkəmli opera müğənniləri, Azərbaycanın Xalq artistləri, Bakı Musiqi Akademiyasının professorları Fidan və Xuraman Qasımovaların ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı konsert proqramı təqdim edilib. Konserti Əməkdar İncəsənət Xadimi, Xalq Artisti, dirijor Teymur Göyçayev idarə edib.
Hər iki konsert yerli və xarici musiqisevərlərin böyük marağına səbəb olub, alqışlarla qarşılanıb.
Qeyd edək ki, avqustun 5-dək festivalda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.
x x x
10:25
Qəbələ, 30 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu gün Qəbələdə növbəti möhtəşəm incəsənət bayramı - VIII Beynəlxalq Musiqi Festivalı açılacaq.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun beynəlxalq layihəsi olan bu musiqi festivalı çərçivəsində bu gün 3 konsert olacaq. Konsertlərdən ikisi saat 15:00 və 18:00-da Heydər Əliyev Konqres Mərkəzində, festivalın açılış mərasimi və növbəti konsert isə saat 21:00-da Qəbələ Mədəniyyət Mərkəzində keçiriləcək. Açılış mərasimində Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək.
Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano müsabiqəsi də keçiriləcək.
Avqustun 5-dək davam edəcək festivalın keçiriləcəyi ərazidə musiqi bayramına hazırlıq işləri görülüb, açıq havada konsertlərin keçirilməsi üçün səhnənin quraşdırılması başa çatıb.