ELM VƏ TƏHSİL
Vikipediya təlimlərində iştirak edən tələbələrə sertifikatlar verilib
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Vikipediyanın kütləviləşdirilməsi” mövzusunda təlim keçirilib. Tədbirdə Bakı Dövlət və Bakı Slavyan universitetlərinin tələbələri iştirak ediblər.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, MEK-in sərbəst elektron resurslarla iş bölməsinin (SER) əməkdaşları tərəfindən keçirilən təlimlərdə Vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, Azərbaycan, rus və ingilis dillərində məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi öyrədilib. Təlimlərdə, eyni zamanda, Vikipediyanın mənfi təsirləri və onun qarşısının alınması yolları da izah edilib. İştirakçılar qazandıqları bilikləri tətbiq etməklə Vikipediyada məqalələr yerləşdiriblər.
Sonda fərqlənən iştirakçılara sertifikatlar təqdim edilib.