DÜNYA
Viktoriya və Albert muzeyindən uşaqlar üçün yenilik
London, 5 oktyabr, AZƏRTAC
İngiltərənin Viktoriya və Albert muzeyinin rəhbərliyi “uşaqlar üçün dünyanın ən şən muzeyi”ni yaratmaq planı irəli sürüb. Yaradılması nəzərdə tutulan hissə təxminən 13,5 milyon funt sterlinqə başa gələcək.
Planın məqsədi muzeyin cəlbediciliyini və ziyarətçilərin yaradıcılıq hissini artırmaqdır.
Muzeyin direktoru Tristram Hant yaradılması planlaşdırılan hissənin 2022-ci ilə qədər bitəcəyinə ümid etdiyini bildirib. O söyləyib ki, təmir işləri zamanı muzeyin bağlanması haqqında hələ ki heç bir qərar qəbul edilməyib.
Muzeyin arxitektoru De Matos Ryan yeni hissənin dizaynı üçün ictimai qruplar və məktəblilərlə işlədiklərini qeyd edib. Muzeyin bu addımı bir çox şəxslər tərəfindən alqışlanıb və yaradılan yeni hissənin uşaqlarda yaradıcılığın inkişafına və yeni bacarıqların aşılanmasına kömək olacağı qeyd olunub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London