İQTİSADİYYAT
Vitali Sidorov: Şübhə etmirəm ki, nəticələr əvvəlki sərgilərdəki kimi məhsuldar olacaqdır
Bakı, 17 iyun (AZƏRTAC). Biz artıq altıncı dəfədir ki, “TransCaspian” sərgisində iştirak edirik və şübhə etmirəm ki, nəticələr əvvəlki sərgilərdəki kimi məhsuldar olacaqdır.
Bakıda keçirilən 12-ci Beynəlxalq nəqliyyat, tranzit və logistika (“TransСaspian”) sərgisinin iştirakçısı olan Rusiyanın “Transmaş MTZ” ASC-nin marketinq şöbəsinin müdiri Vitali Sidorov AZƏRTAC-a bildirmişdir ki, müəssisəmiz dəmir yolu və metro vaqonlarının hərəkət təhlükəsizliyini təmin edən və yüksək səmərəliliyə malik əyləc sistemlərinin işlənib hazırlanması, istehsalı və quraşdırılması sahəsində bazarda aparıcı mövqe tutur. Doxsan ildir ki, “Transmaş” zavodunun istehsal etdiyi avadanlıqların etibarlılığı elmi tədqiqatlar və texnoloji proseslərin təkmilləşdirilməsi sayəsində təmin olunur.
Bu il stendimizdə bir sıra innovasiyalar, xüsusilə də əyləc avadanlıqları modulları təqdim olunur. Şirkətimiz davamlı müəssisə olduğu üçün biz yeni işgüzar tanışlıq əlaqələri və yerli hədəf auditoriyanın nümayəndələri ilə münasibətlər qurmuşuq. Onu da qeyd etmək istəyirəm ki, bizim əsas potensial müştərimiz olan Bakı Metropoliteni fəal şəkildə inkişaf edir, mütəmadi olaraq yeni stansiyalar tikir və müasir vaqonlar alır. Bu isə o deməkdir ki, biz ən son əyləc avadanlıqlarının təchizatı üzrə yeni sifarişlər qəbul edə bilərik.