SİYASƏT
Vüqar Əhmədov: Qarabağ və Şərqi Zəngəzurla bağlı dövlət proqramı müasir dünyanın çağırışlarına uyğun hazırlanıb
Bakı, 21 noyabr, AZƏRTAC
Böyük Qayıdışa Dair qəbul olunmuş I Dövlət Proqramı və bu proqramdan irəli gələrək həyata keçiriləcək Tədbirlər Planı Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində atılan mühüm bir addımdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.
QHT sədri dövlət proqramının kifayət qədər əhatəli olduğunu və müasir dünyanın çağırışlarına uyğun hazırlandığını vurğulayıb. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun coğrafi potensialı və kənd təsərrüfatı baxımından münbit olması imkan verir ki, burada dayanıqlı inkişafa əsaslanan bir sənaye və istehsal sahələri qurulsun. Bütün bunlar Azərbaycan iqtisadiyyatına gəlir gətirməklə bərabər bu torpaqlara qayıdacaq vətəndaşlarımızın özünüməşğulluq proqramına və rifah halının yüksəldilməsinə dəstək olacaq. Bu, eyni zamanda, orada yaşayacaq əhalinin yeni yaşam standartları üzərində öz həyatlarını qurmasına və icma şəklində proqramın icrasında yaxından iştirak etməsinə imkan yaradacaq.
“Qayıdış proqramı çərçivəsində ölkəmizdə ilk dəfə tətbiq olunacaq ağıllı ekoloji layihələr və alternativ enerji ilə çalışan innovativ və yenilənən enerji mənbələri nəinki Azərbaycan, bir çox dövlətlər üçün model rolunu oynayacaq. Qarabağ və Şərqi Zəngəzur bölgəsində yenidənqurma çərçivəsində qısa zaman kəsiyində çox uğurlu infrastruktur layihələri icra olunur, yeni yaşayış binaları və təhsil ocaqları yaradılır, əhalinin təhlükəsiz köçürülməsi və yaşaması üçün lazım olan bütün şərait yaradılır. Həmin ərazilərdə tullantıların idarə olunmasında müasir texnologiyaların tətbiqi nəzərdə tutulur ki, bu da çox mühümdür”, - deyə V.Əhmədov qeyd edib.
QHT sədri vurğulayıb ki, Azərbaycan dövləti bütün bu işləri öz daxili vəsaiti hesabına həyata keçirsə də, burada beynəlxalq təşkilatlar və fondların yaxından iştirakı və xarici şirkətlərin investisiya yatırması perspektivli görünür. Çünki hər birimizə çox yaxşı məlumdur ki, bu ərazilərin cəlbedici turizm potensialı və nəqliyyat- tranzit imkanları gələcək üçün böyük gəlirlər vəd edir. Dövlət proqramının icrasına nəzarət etmək üçün effektiv mexanizmlərin yaradılması bu sahədə müxtəlif steykholderlərin cəlbinə, şəffaflığın və dayanıqlığın artırılmasına xidmət edir. Proqramın icrası 4 il nəzərdə tutulsa da, onun daha uzunmüddətli olacağı təbii ki, zəruridir. Bu isə Proqramın icrasında beynəlxalq maliyyə qurumlarının da yaxından iştirakını vəd edir.
“Dövlət Proqramının uğurlu icrası bu sahədə atılmış yeni bir addımdır və gələcəkdə Qarabağ və Şərqi Zəngəzur bölgəsinin azad iqtisadi və təhlükəsizlik zonasına çevrilməsinə yol açır. Ən önəmlisi isə budur ki, bu proqramın icrasında əsas qarantor rolunda məhz dövlət çıxış edir və dövlət qurumları ilə bərabər özəl sektor və yerli icmalar da proqramın icrasında yaxından iştirak edəcək. Düşünürəm ki, sözügedən Dövlət Proqramı bölgəmizə yeni inkişaf perspektivləri vəd edir”, - deyə Vüqar Əhmədov fikrini tamamlayıb.