SİYASƏT
VYANADA BAEA BAŞ KONFRANSININ 53-CÜ SESSİYASI KEÇİRİLİR
Vyana, 16 sentyabr (AZƏRTAC). Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Baş Konfransının 53-cü sessiyası öz işinə başlamışdır. 100-dən artıq ölkənin 1.500 nümayəndəsinin iştirak etdiyi konfransda Azərbaycanı Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.
Xəbər verdiyimiz kimi, konfransın ilk günü Yaponiya diplomatı Yukiya Amano qurumun yeni baş direktoru seçilmişdir. Dekabrın 1-dən etibarən Y.Amano təqaüdə çıxan Məhəmməd əl-Baradeini əvəz edəcəkdir.
Azərbaycanın BAEA yanında daimi nümayəndəsi, səfir Fuad İsmayılov Şərqi Avropa qrupunun irəli sürdüyü namizədlik əsasında sessiya müddəti üçün Baş Konfransın Əsas Komitəsinin sədr müavini seçilmişdir.
Konfransın ikinci günü Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycanla beynəlxalq qurum arasında uğurlu əməkdaşlıq vurğulanmış, Azərbaycanın bu sahədə gördüyü işlərdən bəhs edilmişdir.
Bildirilmişdir ki, cari il aprelin 3-də Azərbaycan Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi yaradılmışdır.
Azərbaycan BAEA ilə uğurlu əməkdaşlıq edir və ölkənin strategiyası nüvə texnologiyalarının yalnız dinc məqsədlər üçün istifadəsinə yönəldilmişdir.
Akademik M.Kərimov qeyd etmişdir ki, son illərdə nüvə enerjisinə maraq artmaqdadır və bu sahə bir növ intibah dövrünü keçirir. Azərbaycan nüvə təhlükəsizliyi rejiminin gücləndirilməsində fəal iştirak edir və öz təbii enerji resurslarını nəql etməklə Avrasiyada enerji təhlükəsiziliyinin təmin olunmasına töhfə verir. Lakin aqressiv seperatizm, nəzarətsiz ərazilər, münaqişələr və ərazilərin işğalı təkcə enerji resurslarının nəqlinə deyil, eyni zamanda fəaliyyət göstərən enerji təminatı sisteminə təhlükə yaradır. Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayan qonşusu destruktiv siyasət yürütməklə regional sabitliyə təhlükə yaratmaqla yanaşı, eləcə də beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur.
Məruzədə, həmçinin işğal olunmuş və nəzarətsiz ərazilərdə nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsi, eləcə də nüvə və radioaktiv terrorizm təhlükəsi sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır. Bildirilmişdir ki, BAEA çərçivəsində beynəlxalq əməkdaşlıq nüvə və radioaktiv materialların terror məqsədləri üçün istifadə edilməsi təhlükəsini azaldır. Bu səbəbdən də Azərbaycan BAEA-nı nüvə silahlarının yayılmaması sahəsində - eyni zamanda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində - əsas nəzarətçi funksiyasının yerinə yetirilməsini təmin etməyə çağırır.
BAEA ilə texniki əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilmiş bütün layihələr prioritet əhəmiyyət daşıyan sosial-iqtisadi məsələlərin həllinə yönəlmişdir. Hazırda Azərbaycan BAEA-nın dəstəyi ilə 9 milli, 32 regional layihədə uğurla iştirak edir.
Məruzənin sonunda vəzifə səlahiyyətlərini başa vurmaqda olan baş direktor Məhəmməd əl-Baradeinin uğurlu fəaliyyəti qeyd edilmiş, qurumun yeni rəhbəri Y.Amanoya müvəffəqiyyətlər arzulanmışdır. Eyni zamanda, quruma yeni üzv seçilmiş ölkələrə - Ruanda və Kamboca Krallığına təbrik ünvanlanmışdır.
BAEA-nın Baş Konfransının 53-cü sessiyası sentyabrın 18-dək davam edəcəkdir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
######