SİYASƏT
Vyetnam Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
Bakı, 21 noyabr (AZƏRTAC). Noyabrın 21-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr komitəsinin rəhbəri Hoanq Bin Quanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə X.Xələfov ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnunluğunu bildirmişdir. Nazir müavini Vyetnam nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirmiş, bunun Azərbaycan-Vyetnam münasibətlərinə yeni təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Azərbaycanda müşahidə etdiyi dinamik inkişafdan məmnun qaldığını deyən H.Bin Quan ölkələrimiz arasında diplomatik münasibətlərin 20 il əvvəl qurulmasına baxmayaraq Azərbaycan-Vyetnam dostluq əlaqələrinin daha dərin tarixə malik olduğunu qeyd etmişdir. O, bir çox vyetnamlının Azərbaycanda təhsil aldığını vurğulamışdır.
Ölkəsi haqqında ətraflı məlumat verən H.Bin Quan son 20 ildə Vyetnamın keçdiyi inkişaf yolundan danışmışdır. Enerji, sosial və təhsil sahələrində Vyetnamın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən qonaq bu istiqamətdə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunmuşdur.
Azərbaycanın Vyetnam ilə əməkdaşlıqda maraqlı olduğunu deyən X.Xələfov vurğulamışdır ki, Hanoy və Bakı şəhərlərində səfirliklərin açılması ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm təkan verəcəkdir. Enerji və təhsil sahələrində əməkdaşlıq üçün bütün imkanların olduğunu bildirən X.Xələfov Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Vyetnam Neft və Qaz Korporasiyası arasında mövcud razılaşmanın, bu sahədə kadrların hazırlanmasında ARDNŞ-in Ali Neft Məktəbinin rolundan danışmışdır. Nazir müavini Azərbaycan Diplomatik Akademiyasında təhsil üçün geniş imkanların olduğunu da qeyd etmişdir.
Azərbaycanın son 20 ildə keçdiyi inkişaf yolu haqqında danışan nazir müavini qısa bir dövr ərzində iqtisadiyyatımızın bütün sahələrində ciddi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırmışdır. X.Xələfov Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğu və bunun nəticəsində 1 milyonadək soydaşımızın doğma yurd-yuvalarından didərgin düşdüyünü bildirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına və bölgədə davamlı sabitliyin təmin olunmasına başlıca maneə olduğunu bildirən X.Xələfov ATƏT-in Minsk qrupunun bu istiqamətdə iş apardığına baxmayaraq bu günədək bir nəticənin olmadığını demişdir. Nazir müavini Ermənistanın beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyini vurğulamışdır.