MƏDƏNİYYƏT
Vyetnamda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş klassik musiqi əsərlərindən ibarət konsert və fotosərgi keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Hanoy şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə əlaqədar Azərbaycan və Vyetnam bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert keçirilmişdir.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Vyetnamdakı səfirliyindən bildirmişlər.
Hanoy şəhərindəki “Melia” otelinin böyük salonunda təşkil edilmiş tədbirdə Vyetnam Parlamentinin, digər dövlət və hökumət qurumlarının üzvləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun və Vyetnam ictimaiyyətinin nümayəndələri, vaxtı ilə Azərbaycanın ali təhsil ocaqlarını bitirmiş vyetnamlı məzunlar, burada fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının və nüfuzlu KİV nümayəndələri iştirak etmişlər.
Qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olmuşlar.
Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov ümummilli lider, görkəmli siyasi xadim Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən və xilaskar rolundan danışmışdır. O, ölkəmizdə azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin maddi rifahı, ölkəmizin ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, tərəqqi edən və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu bildirmişdir.
Hazırda bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdıran Anar İmanov, qonaqlara xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə minnətdarlığını bildirmişdir.
Sonra tədbir Vyetnam Dövlət Simfonik Orkestrinin üzvlərinin ifasında Üzeyir Hacıbəyli, Tofiq Quliyev və Telman Hacıyevin musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam etmişdir.
Fotosərgi və konsert tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.