İQTİSADİYYAT
“Win Phone-2” müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 13 mart (AZƏRTAC). Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi, “Bakcell”in sponsorluğu və “Microsoft Azerbaijan”, “Nokia”, “Mobitel”in təşkilati dəstəyi ilə keçirilən “Win Phone-2” müsabiqəsinə martın 13-də yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, “Hackathon” layihəsi çərçivəsində keçirilən müsabiqənin məqsədi Azərbaycanda “Windows-8” platformasında mobil tətbiqlərin sayını artırmaq, bu sahəni ölkədə geniş miqyasda inkişaf etdirməkdir.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirmişdir ki, “Elektron hökumət”in inkişafı nəticəsində müxtəlif həllər, o cümlədən mobil həllərin tətbiqi gözlənilir. Ümumiyyətlə, mövcud olan yeni həllərin tətbiq edilməsi üçün bu gün həm dövlət, həm də özəl sektorda geniş imkanlar vardır.
Nazir müavini ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin prioritet istiqamət kimi müəyyənləşdirildiyini, bu il Azərbaycanda İKT ili elan edilməsi ilə əlaqədar mühüm layihələrin həyata keçiriləcəyini diqqətə çatdırmışdır.
Ölkədə İKT sahəsində gənclərin fəaliyyəti üçün geniş potensialın olduğunu vurğulayan E.Vəlizadə qeyd etmişdir ki, dövlət başçısının 2013-cü il 16 yanvar tarixli Sərəncamına əsasən yaradılan İnformasiya Texnologiyaları Universiteti yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin edəcəkdir. Yaxın zamanda ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi məqsədi ilə RİTN nəzdində yaradılmış İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayacaqdır. Bundan əlavə, nazirliyin yanında Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əsasnamə təsdiq olunmuşdur.
Beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri, Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə gənc proqramçılara təklif və tövsiyələrini vermişdir.
“Hackathon- Azərbaycan” layihəsinin rəhbəri Rəşad Əliyev müsabiqənin yekun nəticələrindən danışmışdır.
Sonda müsabiqə qalibləri mükafatlandırılmışlar.