DÜNYA
Worldometer: Dünyada koronavirusa yoluxma hallarının sayı 575 milyonu ötüb
Bakı, 25 iyul, AZƏRTAC
Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 575 milyon nəfəri ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyulun 24-də dünyada koronavirusa 609 min yoluxma və 812 ölüm faktı qeydə alınıb. Hazırda yoluxanların ümumi sayı 575 milyon 357 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 6 milyon 403 min nəfərə, sağalanların sayı 545 milyon 128 min nəfərə çatıb.
ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada birinci yerdədir. Ölkədə koronavirusa 92 milyon 194 mindən çox insan yoluxub, onlardan 1 milyon 51 min 996 nəfəri həyatını itirib.
Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 43 milyon 905 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 526 min 74 nəfər vəfat edib.
Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 33 milyon 591 min nəfər COVID-19-a yoluxub, onlardan 677 min 21 nəfəri virusun qurbanı olub.
Qeyd edək ki, Azərbaycan virusa yoluxma sayına görə dünya statistikasında 77-ci pillədə yer alır.