İQTİSADİYYAT
www.icazeler.gov.az portalının xidmətlərindən 227 mindən çox istifadəçi yararlanmışdır
Bakı, 15 yanvar (AZƏRTAC). İcazə sənədləri və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən indiyədək 227 mindən çox internet istifadəçisi yararlanmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrda 11 minə yaxın, 2013-cü ildə isə 152 mindən çox internet istifadəçisi portala daxil olmuşdur. Dekabrda portalın istifadəçiləri arasında Böyük Britaniya, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Ukrayna, Gürcüstan, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Hindistan, İsveç, Avstriya, Çexiya, Bolqarıstan, İsveçrə, Yunanıstan, Yaponiya, Norveç və Çindən olan istifadəçilər üstünlük təşkil etmişdir.
Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də bu portalda yerləşdirilir. İndiyədək 17 dövlət qurumunun 131 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalı vasitəsi ilə ictimai müzakirəyə təqdim olunmuşdur.