Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

X Qlobal Bakı Forumunun ikinci günündə dörd panel iclasında müzakirələr aparılıb

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun ikinci günündə - martın 10-da dörd panel iclasında müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyevin moderatorluğu ilə keçirilən günün ilk panel iclası “Yeni qlobal səhiyyənin qurulması strukturu: sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusuna həsr olunub.

İclasa videoçarx vasitəsilə qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasından sonra həyatın bərpa mərhələsində olduğunu deyib: “Son dövrlərdə ÜST-nin əsas məqsədi gələcək pandemiyalara qarşı daha da hazırlıqlı olmaqdır. COVID-19 bir daha göstərdi ki, sağlamlıq hər şeydən daha vacibdir. Biz bütün ölkələri təşviqi, təminatı, qorunmanı, səlahiyyətlənməni və icra (5P) planını nəzərə almağa çağırırıq. Səhiyyə sisteminin səviyyəsini artırmaq üçün ölkələr təchizatla təmin olunmalıdır”.

Eyni zamanda, ilkin tibbi yardımın vacibliyini vurğulayan Tedros Adhanom Qebreyesus diqqətə çatdırıb: “İlkin tibbi yardımın düzgün aparılması bir çox məsələdə həyatları xilas edə bilər. ÜST-nin ölkələr üçün koronavirusla bağlı 300-dən çox tövsiyəsi oldu və bu tövsiyələrin nəticəsində bu sahədə irəliləyişlər müşahidə edildi. Həmin dövrdə pandemiya üçün beynəlxalq səviyyədə fond yaradıldı. ÜST sağlamlıq naminə dövlətlərə kömək etməyə davam edəcək. Bu il ÜST-nin yaradılmasının 75-ci ildönümüdür. 75 il əvvəl dövlətlər belə bir birgə qərar qəbul ediblər ki, sağlamlıq bütün insanların hüququdur”.

BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima koronavirus pandemiyası zamanı vaksinlərin bölüşdürülməsi prosesindən danışıb. Deyib ki, pandemiyanın elan olunduğu dövrdən bəri COVID-19 ilə bağlı bəzi şirkətlər milyardlarla gəlir əldə edib. Bu, qarşısı alına bilən xəstəlikdir, lakin vaksinlərin kasıb ölkələrə düzgün paylanılmaması səbəbindən bir çox insan həyatını itirdi. Vaksinlər kütləvi məhsullar kimi satılmalıdır.

Liderləri strukturla bağlı problemləri həll etməyə çağıran Vinni Byanyima qeyd edib ki, pandemiya iqtisadi cəhətdən geri qalan ölkələrdə xaos yaradıb. “BMT-də bu məsələ ilə bağlı danışıqlar keçirilməlidir və biz gələcək pandemiyalara hazırlıqlı olmalıyıq. Əgər müəyyən planlar tərtib olunmazsa, daha çox insan həyatını itirə bilər”, - deyə V.Byanyima bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktorunun müavini Nacat Muxtar çıxışında qeyd edib ki, COVID-19 pandemiyası dünyanı bir sıra məsələlərdə on il geri atıb. Hazırda dövrümüzün ən böyük bəlalarından birinin də xərçəng xəstəliyi olduğunu deyən N.Muxtar dünyanın bir sıra ölkələrinin bu xəstəlini müalicəsi üçün lazımi avadanlıqlarının olmadığını diqqətə çatdırıb. O, dünyada xəstəliklərə qarşı birgə səylərin artırılmasının vacibliyini vurğulayıb.

Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç diqqətə çatdırıb ki, COVID-19 dönəmində bir çox insan vəziyyətin ciddiliyini nəzərə almadığından pandemiyanın fəsadları ağır oldu. Bəzi kasıb ölkələrdə gözləniləndən daha çox insan həyatını itirdi. Sabiq Prezident Şərqi Avropada vəziyyətin daha ağır olduğunu deyib, insanların öz həyatları haqqında daha çox düşünmələrinin vacibliyini qeyd edib. Pandemiyanın xüsusilə gənclərin həyatına mənfi təsir göstərdiyini vurğulayan F.Vuyanoviç bunun işsizliyə də gətirib çıxardığını deyib.

Azərbaycanın səhiyyə naziri Teymur Musayev çıxışında COVID-19 pandemiyasından sonra yenilənmiş qlobal sağlamlıq arxitekturasının qurulmasının son dərəcə aktual məsələyə çevrildiyini bildirib: “Əminəm ki, qlobal sağlamlığın gələcəyinin formalaşdırılması ilə bağlı bugünkü panel müzakirələri bəşəriyyət üçün mümkün sağlamlıq təhdidlərinə qarşı birgə səylərimizin gücləndirilməsinə töhfə verəcək”.

Nazir qeyd edib ki, qlobal sağlamlıq üçün riskləri azaltmaq və davamlı sağlamlıq sistemlərinə nail olmaq üçün həm beynəlxalq, həm də milli səviyyədə adekvat tədbirlər həyata keçirilməlidir. “Sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərini qurmaq üçün mərkəzi yer tutur. Qlobal miqyasda gözlənilən ömür uzunluğu artır, buna görə də sağlamlıq mütəxəssisləri bütün həyat boyu sağlamlığına üstünlük verməlidirlər”, - deyən nazir vurğulayıb ki, fərdi həyat tərzi ilə səhiyyə xərcləri arasında əlaqə olduğu nəzərə alınaraq, vətəndaşlar sağlam həyat tərzi proqramlarında fəal iştiraka və hökumətlərlə sağlamlıq məsuliyyətini bölüşməyə təşviq edilməlidir. Fərdlərin davranış dəyişikliyi daha yaxşı sağlamlıq nəticələrinə nail olmaq üçün işləyə bilər.

Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya diqqətə çatdırıb ki, Avropada səhiyyə sahəsi daha yaxşı inkişaf edib. Lakin Avropa ölkələrində ölümlərlə bağlı vəziyyət Azərbaycanla müqayisədə daha pisdir.

Hadassa Tibb Mərkəzinin Baş direktoru Yoram Veys koronavirus pandemiyasının ölkələrə və dünya iqtisadiyyatına çox mənfi təsir etdiyini bildirib. “Tibb sahəsində yeni tədqiqatların aparılması vacibdir. Bu tədqiqatların aparılması təhsillə bilavasitə əlaqəlidir. Hazırda Hadassa Tibb Mərkəzində müxtəlif araşdırmalar aparılır. Kök hüceyrələr, xərçənglə mübarizə üsulları və digər sahələrdəki tədqiqatlarda irəliləyişlər var”, - deyə Baş direktor vurğulayıb.

Böyük Britaniyanın 2007-2010-cu illərdə Baş naziri, BMT-nin Qlobal Təhsil üzrə xüsusi nümayəndəsi, ÜST-nin Qlobal Səhiyyənin Maliyyələşdirilməsi üzrə səfiri Qordon Braun videoçarx vasitəsilə müzakirələrə qoşularaq, dünya ölkələrinin əvvəlki səhvlərindən dərs çıxarmalı olduğunu vurğulayıb: “Böyük təəssüf hissi ilə deyirəm ki, bəzi ölkələrdə 4 nəfərdən yalnız biri vaksinasiya edilir. Rusiya-Ukrayna müharibəsindən sonra bir çox tibbi ləvazimatlarla bağlı çatışmazlıq müşahidə olunur. Müharibənin davam etdiyi bir vaxtda səhiyyə sahəsinin inkişafı çətinləşir. Səhiyyə sisteminə maliyyə dəstəyinin artacağını düşünürəm. Lakin bu, kifayət deyil. Aşağı gəlirli ölkələrə təhsil və səhiyyə sahəsində kömək göstərilməlidir. Dünyada xüsusilə infeksion xəstəliklərlə bağlı vəziyyət öyrənilməli və təhlil edilməlidir.

Qordon Braun iqlim dəyişikliyinə də toxunub, bunun səhiyyəyə də təsir göstərdiyini vurğulayıb.

x x x

Forumun “Miqrasiya qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi” mövzusunda keçirilən beşinci panel iclasına İsveç İnkişaf Naminə Əməkdaşlıq Agentliyinin sabiq Baş direktoru, BMT-nin İKT üzrə işçi qrupunun üzvü, UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Hökumətlərarası Şurasının sabiq sədri, “Globethics.net” platformasının prezidenti Valter Fust moderatorluq edib.

Valter Fust bildirib ki, dünyada milyonlarla insan yaxşı yaşayış və təhsil almaq üçün öz vətənini tərk edərək başqa ölkələrə üz tutur. Münaqişə və müharibələr, çətin yaşayış şəraiti, iqlim dəyişikliyi miqrantların sayının getdikcə artmasına səbəb olur. Moderator miqrasiya məsələsinin dünyanın qlobal problemlərindən birinə çevrilməsindən və bu problemin həllində inteqrasiyanın rolundan danışıb. Qərbi Avropaya köç edənlərin sayının daha çox olduğunu diqqətə çatdıran Valter Fust son illərdə 200 min miqrantın öz ölkəsinə qayıtdığını deyib.

Latviyanın sabiq Baş naziri Laymdota Strauyuma miqrasiya problemi ilə bağlı ölkəsinin təcrübəsindən bəhs edərək bildirib ki, 1990-cı ildən sonra Latviyanı 600 min insan tərk edib. O, buna səbəb kimi sovet dövründə insanların üzləşdikləri problemləri, iqtisadi çətinlikləri göstərib. Qeyd edib ki, ölkəsi miqrasiya problemini yalnız 2021-ci ildə balanslaşdıra bilib. Lakin Ukraynadakı müharibə ilə əlaqədar Latviyaya xeyli sayda qaçqın gəlib.

Moldovanın sabiq Baş naziri Çiril Qaburiçi çıxış edərək bir çox ölkənin miqrasiyadan ciddi zərər gördüyünü vurğulayıb. O, Moldova əhalisinin 30 faizinin başqa ölkələrə köç etdiyini bildirib: “Həmin miqrantların çoxu bizim ölkəyə töhfə verə biləcək insanlar idi. Moldova son illərdə milyondan artıq qaçqın qəbul edib”.

Vurğulanıb ki, miqrasiya problemini həll etmək üçün əvvəla onu doğuran səbəblər araşdırılmalıdır. Sabiq Baş nazir miqrasiya probleminin həlli üçün qlobal layihənin hazırlanması təklifi ilə çıxış edib.

Miqrasiyanın mürəkkəb fenomen olduğunu diqqətə çatdıran Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məsələyə optimist nöqteyi-nəzərdən yanaşmanın vacibliyini qeyd edib. Bildirib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan çox soydaşımız öz doğma yurdlarını tərk edib. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra onların doğma torpaqlarına qayıtmasını təmin etməyə başlayıb. Əsas məsələnin miqrasiyanı doğuran kök səbəblərin aradan qaldırılması olduğunu deyən V.Hüseynov Azərbaycanın miqrasiyanı inkişaf amili kimi də qəbul etdiyini vurğulayıb.

İqlim dəyişikliyi, yoxsulluq, münaqişələr nəticəsində miqrasiya edənlərin sayının artdığını qeyd edən Dövlət Miqrasiya Xidmətinin rəisi bu məsələnin qlobal gündəmi zəbt etdiyini bildirib. Qeyd edib ki, COVID-19 pandemiyası da miqrasiyada rəqəmlərin artmasına öz təsirini göstərib. O, miqrasiya probleminin həlli üçün qeyri-bərabərliyin aradan qaldırılmasının vacibliyini vurğulayıb. V.Hüseynov bu məsələdə həmrəyliyin və beynəlxalq sənədlərdən istifadənin əhəmiyyətini qeyd edib.

Kolumbiyanın sabiq xarici işlər naziri Mariya Angela Holquin Latın Amerikası ölkələrinə dəstək verilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, miqrasiya probleminin həllində QHT-lərin fəaliyyətindən istifadə olunmalıdır. Xanım Holquin miqrasiya probleminə humanitar məsələ kimi baxılmasının vacibliyini qeyd edib, ölkəsinin üzləşdiyi çətinliklərdən və onlardan çıxış yollarından danışıb. Deyib ki, miqrasiya probleminə dərhal reaksiya vermək lazımdır.

Qlobal Bakı Forumunun təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edən ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Forumda dünyanı narahat edən problemlərin müzakirə olunduğunu diqqətə çatdırıb. Miqrasiya məsələsinə toxunan sabiq Baş direktor bəzi ölkələrdə müharibələrə və iqtisadi baxımdan çətinliklərə görə əhalinin öz yurdlarını tərk etdiyini bildirib.

“Mən Afrikanın bir çox ölkəsində olmuşam. Afrikalılara qarşı göstərilən münasibət çox da yaxşı deyil. İnsanları yaxşı və ya pis olaraq ayırmamalıyıq. Onları rəngə, irqə, dinə görə bölmək qəbuledilməzdir”, - deyə əl-Tüveycri vurğulayıb.

O, bu məsələnin həllində beynəlxalq əməkdaşlığın rolunu qeyd edib.

Ekvadorun sabiq Prezidenti Rozaliya Arteaqa Serrano bildirib ki, qaçqınların 50 faizi qadınlardır. Çünki onlar zorakılığa məruz qalırlar. İnsanların öz vətənlərini tərk etməmələri üçün sosial bərabərlik və iş imkanları olmalıdır. O, ölkəsində miqrasiya ilə bağlı ədalətli qanunların qəbul olunduğunu bildirib.

Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Muhəmməd Mahmud Abdelsalam isə çıxışında dünya dövlətlərini miqrasiya probleminin həlli üçün irqçiliyə, ayrı-seçkiliyə son qoymağa çağırıb. Dünyanın üzləşdiyi çətinliklərin həlli yollarının müzakirəsi üçün X Qlobal Bakı Forumunda iştirakdan məmnunluğunu ifadə edən Baş katib deyib ki, miqrasiya məsələlərində ərəb və Afrika ölkələri də unudulmamalıdır. “Miqrantlar ölkələrindən iqtisadi böhran, iqlim dəyişikliyi və digər səbəblərdən köçürlər. Bəzi miqrantlar köçüb getdikləri ölkələrə iqtisadi baxımdan böyük töhfələr verirlər. Miqrantlar arasında çox savadlı olan şəxslər də var. Bəzi ölkələr də var ki, onlar qaçqınları qorumaq istəmir. Biz bu problem qarşısında bir olmalı, beynəlxalq həmrəylik üçün çalışmalıyıq”, - deyə o vurğulayıb.

x x x

X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda altıncı panel iclasında əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Gürcüstanın Baş nazirinin sabiq müavini xanım Eka Tkeşelaşvilinin moderatorluq etdiyi iclasda Bolqarıstanın sabiq xarici işlər naziri xanım Ekaterina Zaharieva Rusiya-Ukrayna müharibəsinin Avropanın enerji təchizatında ciddi problemlər yaratdığını vurğulayıb. Bildirib ki, bu gərginliyi aradan qaldırmaq üçün xeyli vaxt lazımdır. Avropanın enerji təhlükəsizliyini təmin etməli olduğunu bildirən E.Zaharieva hazırda ölkəsinin qaz təchizatında Azərbaycanın mühüm yer tutduğunu qeyd edərək deyib: “Azərbaycan bu prosesdə əvəzsiz rol oynadı. Azərbaycan təkcə Bolqarıstan üçün deyil, eyni zamanda, Avropa üçün təhlükəsiz və etibarlı tərəfdaşdır. Biz energetika sahəsində Azərbaycanı nümunə götürməliyik. Azərbaycan əməkdaşlıq üçün etibarlı ölkələrdən biridir”.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov panel iclasda çıxış edərək ölkəmizin Avrasiyada müasir geosiyasi tələblərə uyğun yeni dəhlizlərin yaradılmasındakı rolundan və bu xüsusda Prezident İlham Əliyevin qitələrarası inteqrasiyanı daha da genişləndirəcək yeni təşəbbüslərindən və Forumun açılışında bir daha bəyan edilən strateji baxışlarından danışıb. Nazir bildirib ki, təhlükəsiz enerji təchizatına ehtiyac və etibarlı tərəfdaş kimi ölkəmizə artan maraq Azərbaycanın enerji infrastrukturu və enerji dəhlizlərini şaxələndirməsini təşviq edir. Cənub Qaz Dəhlizinin 2027-ci ilədək genişləndirilməsi ilə yanaşı, Xəzər dənizini Avropa ilə birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması gündəmdədir. Bütün bunlar, eləcə də enerji resurslarının nəqli ilə bağlı digər perspektivlər ölkəmizin şaxələndirilmiş enerji təchizatında və tərəfdaşlarımızın enerji təhlükəsizliyində strateji rolunu daha da gücləndirəcək.

Nazir Pərviz Şahbazov Qarabağ da daxil olmaqla ölkəmizdə bərpa olunan enerjinin istehsalı və ötürülməsi, Azərbaycandan elektrik enerjisinin Gürcüstan, Rumıniya, Macarıstan və digər ölkələrə nəqli, Xəzər regionunda əməkdaşlığın dərinləşdirilməsi məsələləri ilə bağlı da fikirlərini bölüşüb.

“Fortescue Metals” və “Fortescue Future Industries” şirkətlərinin Direktorlar Şurasının sədri xanım Cin Baderşnayder qeyd edib ki, Azərbaycan kiçik ölkə olmasına baxmayaraq, enerji təhlükəsizliyinə böyük töhfələr verir. C.Baderşnayder ölkəmizin bu sahədə böyük imkanlarının, o cümlədən ixrac üçün kifayət qədər potensialının olduğunu vurğulayaraq deyib: “Azərbaycan enerji təhlükəsizliyi sahəsində böyük uğurlar əldə edir və Avropada xüsusi hörmətə malikdir. Bu ölkədə külək enerjisi əldə edilir, hətta termal stansiyalar var. Azərbaycanın enerji sahəsində uğurlarının daha çox olacağına inanıram. Azərbaycan investisiya üçün əlverişli ölkələrdən biridir”.

Rumıniya Baş nazirinin sabiq müavini xanım Ana Birçal Azərbaycanın enerji sahəsində mühüm rolundan söz açaraq, bu uğurların Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində qazanıldığını deyib. Azərbaycan ilə Rumıniya arasında sıx əlaqələrin olduğunu vurğulayan Ana Birçal bildirib: “Azərbaycanın enerji dəstəyi olmasaydı, Rumıniya üçün bu qış mövsümü çox çətin keçərdi. Dəstəyə və köməyə görə Azərbaycana minnətdaram. Azərbaycanın bu dəstəyi ümumiyyətlə bölgə üçün çox önəmlidir”.

Şuşa şəhərinə səfər etdiyini, orada genişmiqyaslı quruculuq və bərpa işlərinin şahidi olduğunu diqqətə çatdıran rumıniyalı qonaq qeyd edib: “Orada “yaşıl enerji”dən istifadə ediləcəyini öyrəndim. Bir çox ölkənin Azərbaycandan örnək alacağı sahələr var. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da veriləcək dəstək bizim üçün çox vacibdir”.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında ölkəmizin mühüm nəqliyyat qovşağına çevrildiyini bildirib. Azərbaycanda nəqliyyat infrastrukturunun, xüsusilə dəmir yolu şəbəkəsinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan nazir ölkəmizin Gürcüstan və Qazaxıstan ilə bu sahədə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. “İnanırıq ki, Zəngəzur dəhlizinin açılması ilə imkanlarımız daha da genişlənəcək. Bu, avropalı tərəfdaşlarımız üçün də sərfəli olacaq. Bundan təkcə bizim ölkəmiz deyil, bütövlükdə region dövlətləri faydalanacaq. Statistik rəqəmlərə baxsaq, tranzit yollarına tələbatın artdığını görürük və bu göstərici on il ərzində iki dəfə artacaq. Biz artan tələbata cavab vermək üçün tərəfdaşlarımızla birlikdə çox səmərəli şəkildə işləyirik”, - deyə Rəşad Nəbiyev qeyd edib.

Tacikistanın nəqliyyat naziri Azim İbrohim ölkəsinin son dövrdə beynəlxalq əlaqələrini sürətlə inkişaf etdirdiyini vurğulayaraq bildirib: “Tacikistan ikitərəfli münasibətlərdən faydalanmaqdadır. İqtisadi əlaqələrin inkişafı üçün nəqliyyat sahəsi vacib rol oynayır. Hazırda ən vacib məsələlərdən biri də sənayedə ətraf mühitə dost olan nəqliyyat növlərinin inkişafıdır. Tacikistanda enerji layihələrindən istifadə sürətlə genişləndirilir və bu məsələyə hökumət tərəfindən ciddi nəzarət edilir”.

Qırğızıstanın sabiq Baş naziri Comart Otorbayev çıxışında ikitərəfli və beynəlxalq səviyyədə əməkdaşlığın önəminə toxunaraq deyib: “Qarşıdakı dövrdə Çin, Mərkəzi Asiya və Avropa arasında ticarətin daha da inkişaf edəcəyi gözlənilir. 2011-ci ildə Çindən ilk qatar Almaniyaya hərəkət etdi. Yük qatarları hazırda da Çindən Avropa istiqamətində hərəkət edirlər. Bu daşımaların 97 faizi Rusiya və Belarus ərazisindən həyata keçirilir. Ötən il pandemiya ilə əlaqədar bu tranzit yollardan istifadə bir qədər zəifləsə də, tələbat olduğu kimi qalıb”.

ATƏT-in fəaliyyətdə olan sədrinin uzun sürən münaqişələr üzrə xüsusi nümayəndəsi, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Bolat Nurqaliyev diqqətə çatdırıb ki, Qazaxıstanın enerji potensialında qaz xüsusi rol oynayır: “Transxəzər nəqliyyat marşrutu çox əhəmiyyətlidir. Çin, Azərbaycan və Türkiyə bu sahədə vacib ölkələrdir. Aktau liman şəhəri kimi böyük potensiala malikdir. Biz bu şəhərdə logistik terminallar, sahildə müxtəlif zavodlar inşa etmək niyyətindəyik. Eyni zamanda, ölkədə dəmir yolları şəbəkəsinin genişləndirilməsini planlaşdırırıq. Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir. Əməkdaşlığın bu yüksək səviyyəsi kommunikasiya sahəsini də əhatə edir”.

Ruminiyanın xarici işlər naziri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyinin (PERMİS) baş katibi Lazar Komanesku ölkəsinin Azərbaycan ilə iqtisadi əməkdaşlığı daha da dərinləşdirməsinə böyük önəm verdiyini vurğulayıb. Əməkdaşlığın inkişafında sağlam rəqabətin vacibliyini qeyd edən qonaq deyib: “İnkişafın təmin edilməsi üçün dövlətlər arasında ədalətli rəqabət həyata keçirilməlidir. Enerjinin nəqli sahəsində yeni layihələr hazırlanmalıdır. Azərbaycanın bu sahəyə göstərdiyi diqqət inkişafı təmin edəcək”.

x x x

Forumun 7-ci panel iclası “Qlobal inkişaf və təhlükəsizlikdə Çinin rolu” mövzusuna həsr olunub.

Tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Serbiyanın sabiq Prezidenti Boris Tadiçin moderatorluğu ilə keçirilən iclasda Çinin dünya iqtisadiyyatında artan rolu, ictimai inkişaf və təhlükəsizliyə təsirindən danışılıb. Boris Tadiç bildirib ki, Çində inkişafın səbəbi davamlı islahatların aparılmasıdır. Bu, Çinin gələcəyi deməkdir və dünyanın inkişafına stimul verir. Moderator dünyanın qarşılaşdığı problemlər fonunda Çinin təcrübəsini öyrənməyin önəmini vurğulayıb. O, Çinin “Bir kəmər, bir yol” layihəsinin əhəmiyyətini qeyd edib, bu layihənin bir çox ölkələrin inkişafına təsir göstərdiyini bildirib.

Qlobal Bakı Forumunda ilk dəfə iştirak etdiyini və bundan məmnunluq duyduğunu bildirən Çinin Avropa Məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin Almaniyada sabiq səfiri Vu Honqbo Forumun mühüm beynəlxalq platforma olduğunu deyib, bu imkanı yaratdığına görə Azərbaycan rəhbərliyinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü ifadə edib.

Son üç ildə Çində və bütün dünyada böyük dəyişikliklərin baş verdiyini qeyd edən Vu Honqbo deyib: “Pandemiya, iqlim dəyişikliyi, münaqişələr dünyamıza baha başa gəldi. Hazırda planetimizdə qeyri-müəyyənlik və qeyri-sabitlik müşahidə olunur. Təhlükəsizlik təmin edilmədən heç bir inkişafdan söhbət gedə bilməz. Çinin təşəbbüslərindən biri də qlobal inkişafdır. Bu təşəbbüs bir neçə əsas sütun üzərində qurulub. Bunlardan inkişaf, innovasiya, harmoniyanı qeyd edə bilərəm”.

Təhlükəsizlik və inkişafın bir-biri ilə sıx bağlı, ölkəsinin dayanıqlı inkişafın tərəfdarı olduğunu qeyd edən xüsusi nümayəndə Çinin sülh istədiyini və başqa ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşdığını diqqətə çatdırıb.

Kamboca Milli Assambleyasının sədr müavini Xuon Soudari Forumun və məhz panel müzakirələrin qlobal inkişafın və təhlükəsizliyin təmin edilməsinə töhfə verəcəyinə ümid bəslədiyini bildirib. Soyuq müharibələrə son qoyulmasının vacibliyini qeyd edən Xuon Soudari deyib: “Çin bu mövzuda dünyada ən fəal ölkələrdəndir. Digər ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşan Çin hökuməti sülhün, sabitliyin bərqərar olması üçün təşəbbüs göstərir”.

Macarıstanın sabiq Baş naziri Peter Medyeşi qeyd edib ki, 10 il bundan əvvəl analitiklər Çinin uğursuzluğa düçar olacağını desələr də, bu, baş vermədi. Çin son 35 ildə vacib aktora çevrilib. Bu ölkə COVID-19 pandemiyasından sonra özünü inkişaf etdirib və orada yoxsulluğun qarşısı alınıb. Çin, eyni zamanda, çox vacib tərəfdaşdır.

Azərbaycanda olmaqdan və Bakı Forumunda iştirakdan qürur və məmnunluq duyduğunu dilə gətirən Pakistanın sabiq Baş naziri Şövkət Əziz Qlobal Bakı Forumunun önəmini vurğulayıb. Bu tədbirin zamanında və məqamında keçirildiyini diqqətə çatdırıb.

İnkişaf üçün davamlı islahatların aparılmasının vacibliyini qeyd edən Şövkət Əziz Pakistanda müxtəlif layihələrin həyata keçirilməsi nəticəsində infrastrukturun xeyli inkişaf etdiyini deyib. Dünyanın siyasi və iqtisadi çətinliklərlə üzləşdiyini bildirən pakistanlı natiq deyib: “Münaqişələr, bir-birindən asılılıq müəyyən problemlər yaradır. Biz xalqlar arasında harmoniya yaratmalıyıq. Narahatlığı aradan qaldırmaq, müsbət dəyişikliyə getmək lazımdır. Biz Çinin təcrübəsindən istifadə edirik. Pakistan Böyük İpək Yolu layihəsi nəticəsində xeyli inkişaf edib”.

“Bir kəmər və bir yol” layihəsinin əhəmiyyətindən danışan Şövkət Əziz ölkəsinin bu layihədən faydalandığını vurğulayıb.

Şanxay Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi, Tacikistanın sabiq xarici işlər naziri Raşid Alimov Çinlə Mərkəzi Asiya ölkələri arasında əlaqələrdən danışıb: “Çinin təhlükəsizlikdə rolu güzgü kimidir. Bu yol 10 illiklər ərzində əhatə olunub. Çin və Mərkəzi Asiya ölkələri inkişaf mərhələsindədir. Bu, çox yaxşıdır”.

R.Alimov Çinin vacib ixrac mərkəzinə və Asiyanın birbaşa sərmayə mənbəyinə çevrildiyini qeyd edib.

Rumıniyanın sabiq Baş naziri Petre Roman Çinin son 40 ildə iqtisadiyyat sahəsində böyük sıçrayış etdiyini deyib. Bildirib ki, Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilib. “Təhlükəsizlik məsələlərində qlobal reallıqlar var. Bununla yanaşı, dünyada böyük qlobal problemlər mövcuddur. Biz qlobal problemlərin həlli üçün davamlı olaraq bir araya gəlməli, həmrəylik göstərməliyik”, - deyə Petre Roman bildirib.

Çıxışlardan sonra panel iclasları müzakirələrlə davam edib.

Qeyd edək ki, X Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 60-dan çox ölkədən 350-dən artıq nümayəndə iştirak edir.

Azərbaycan Respublikası Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumuna martın 11-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ