X X X
Dövlət başçıları “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan və Gürcüstan hissələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Gürcüstan Prezidenti Mixail Saakaşvilinin iştirakı ilə 16 oktyabr 2004-cü il tarixdə birləşdirilmişdir” sözləri yazılmış lövhənin üzərindən ağ örtüyü götürdülər. Onlar burada Azərbaycanın və Gürcüstanın dövlət bayraqları önündə xatirə şəkli çəkdirdilər.
Daha sonra Azərbaycan və Gürcüstanın incəsənət ustalarının konserti oldu.
Mərasimdə Azərbaycanın və Gürcüstanın dövlət və hökumət nümayəndələri, Azərbaycanın Tbilisidəki səfiri Ramiz Həsənov və Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze iştirak edirdilər.
X X X
Mərasimdən sonra Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşvilini Ağstafa rayonu ərazisindəki Ağgölə dəvət etdi. Dövlət başçıları sərhədçi qayıqlarında göldə gəzintiyə çıxdılar.
Sonra prezidentlərin təkbətək görüşü oldu. Söhbət zamanı dövlət başçıları ölkələrimizi maraqlandıran bir sıra məsələləri müzakirə etdilər.
Görüş başa çatdıqdan sonra Prezident İlham Əliyev Gürcüstan rəhbərini mehribanlıqla yola saldı.
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Gəncədən təyyarə ilə Bakıya qayıtdı.