X X X
Sənədlərin imzalanma mərasimindən sonra Yaponiyanın Baş naziri Dzünitiro Koidzumi və Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlər qarşısında qısa bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti ilə görüşməkdən və sənədlərin imzlanmasından məmnunluğunu vurğulayan cənab Dzünitiro Koidzumi dedi ki, ümidvaram, bu səfər müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrimizin daha da genişlənməsinə kömək edəcəkdir. Yaponiya şirkətləri Azərbaycana daha çox maraq göstərirlər. Ötən il Azərbaycanda iqtisadi artım 26 faiz olmuşdur və bu, Yaponiyanın iqtisadi artımından on dəfədən də çoxdur. Ümid edirəm ki, gələcəkdə Yaponiya şirkətləri tərəfindən Azərbaycana sərmayə qoyuluşu daha artacaq və bu, Azərbaycanın inkişafına öz töhfəsini verəcəkdir.
Beynəlxalq məsələlərə toxunan Baş nazir bildirdi ki, Azərbaycan Yaponiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasını dəstəkləyir. Biz Azərbaycanın bu mövqeyini yüksək qiymətləndiririk və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunacağına ümid edirik.
Sonra çıxış edən Prezident İlham Əliyev dedi ki, Azərbaycan Yaponiya ilə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Əminəm ki, bu səfər əməkdaşlığın daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Siyasi münasibətlərimiz çox yüksək səviyyədədir, beynəlxalq təşkilatlarda iki dövlət bir-birini dəstəkləyir. Baş nazirlə görüşdə regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələləri müzakirə edilmişdir.
Dövlətimizin başçısı səfər zamanı keçirilən iqtisadi forumda, Yaponiyanın iri şirkətlərinin və maliyyə qurumlarının rəhbərləri ilə görüşlərdə iqtisadi əməkdaşlıqla bağlı mühüm məsələlər barədə müzakirələrin aparıldığını xatırladaraq dedi ki, əminəm, bu səfərdən sonra praktiki işlər görüləcəkdir.
Azərbaycanın iqtisadi inkişafla bağlı böyük planlarının olduğunu vurğulayan Prezident İlham Əliyev bunun üçün yüksək texnologiyalara ehtiyac duyulduğunu bildirdi və dedi ki, bu baxımdan Yaponiya dünyanın aparıcı ölkələrindən biridir.
Qonaqpərvərliyə görə təşəkkür edən Azərbaycan Prezidenti gələcəkdə bütün sahələrdə Yaponiya ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğuladı.