RƏSMİ XRONİKA
X X X
Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev ikinci iclasda çıxış etdilər.
Prezident İlham Əliyev çıxışında əsas diqqəti bir neçə məsələyə yönəltdi, türkdilli ölkələrin əhatə olunduğu regionda, ümumiyyətlə, daha geniş məkanda mövcud olan çağırışlardan və problemlərdən danışdı, enerji təhlükəsizliyini, terrorizmə, separatizmə qarşı mübarizəni, iqtisadi əməkdaşlığı və digər məsələləri əsas çağırış kimi səciyyələndirdi. Dövlətimizin başçısı dedi ki, türk dünyası həm əhali, həm maddi imkanlar, təbii sərvətlər baxımından, həm də intellektual baxımdan çox böyük potensiala malik ölkələri özündə birləşdirir. Azərbaycanda daxili sabitlik var və bu da əməkdaşlığımıza kömək edir. Azərbaycan Qazaxıstanın gələcəkdə ATƏT-ə sədrlik etməsini də dəstəkləyir.
Prezident İlham Əliyev dini zəmində baş verən münaqişələrin, irqçiliyin, ayrı-seçkiliyin mövcud olduğunu vurğuladı, separatizmə qarşı birgə mübarizənin vacibliyini bildirərək, Azərbaycanın təcavüzkar separatizmə və terrorizmə məruz qalmış ölkə olduğunu bir daha xatırlatdı. Dövlətimizin başçısı dedi ki, türkdilli dövlətlər çoxmillətli ölkələrdir, Azərbaycanda olan dini tolerantlıq başqa dövlətlər üçün də nümunə ola bilər.
Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşü Antalya bəyannaməsinin imzalanması ilə başa çatdı. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev imzaladılar.
Növbəti, IX zirvə görüşünün Bakıda keçirilməsi qərara alındı.