X X X
Prezident İlham Əliyev sonra Səməd Vurğun və Nizami küçələrinin kəsişməsində yerləşən yeraltı keçidin açılışına gəldi. Buraya toplaşanlar dövlətimizin başçısını hərarətlə salamladılar.
Uzunluğu 40 metr olan və təqribən 1,3 milyon manat vəsait xərclənmiş bu keçiddə tikinti işlərini İranın “Saako” şirkəti aparmışdır. Tikinti işlərinə rəhbərlik edən baş mühəndis Səməd Əkbəri Prezident İlham Əliyevə müraciətlə dedi ki, Sizi görməyimizdən çox şadıq. Sizə Allahdan uzun ömür arzulayırıq ki, həsrətində olduğumuz qədim Azərbaycanın, doğma Bakı şəhərinin inkişafı üçün çox dəyərli işlər görürsünüz. Biz Azərbaycanda işləməkdən çox məmnunuq.
Şəhərin ən gediş-gəlişli yerlərindən birindəki keçid öz səliqə-sahmanı, original memarlıq tərtibatı ilə seçilir. İrandan gətirilmiş yüksək keyfiyyətli mərmər üzərində həkk edilmiş Təbriz xalçalarının naxışları, səkkizguşəli ulduzlar keçidin yan divarlarına gözəllik verir. Pilləkənlərdə əlil arabalarının hərəkəti üçün ayrıca yol var. Keçidin ətrafındakı ərazi abadlaşdırılmışdır. Təbrizdən gətirilmiş işıqlandırılan kaktuslar buraya xüsusi yaraşıq verir.
Prezident İlham Əliyev inşaatçılara təşəkkürünü bildirdi, Azərbaycanın günbəgün inkişaf etdiyini, xarici şirkətlər üçün gözəl şərait yaradıldığını, bundan sonra da Bakıda iş görməkdən ötrü yeni sahələrin açılacağını və işlərin çox olacağını vurğuladı.
Dövlətimizin başçısı yeraltı keçidi gəzdi, əlil insanların buradan keçməsinin asanlaşdırılması üçün müasir qurğulardan istifadə edilməsinin əhəmiyyətli olduğunu söylədi və bu barədə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.