REGİONLAR
Xaçmaz rayonunun Hülövlü kəndində yeni tibb məntəqəsi istifadəyə verilib
Oktyabrın 24-də Xaçmaz rayonunun Hülövlü kəndində yeni tibb məntəqəsi istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, tibb məntəqəsinin tikintisi Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilib.
Açılış mərasimində iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi layihənin əsas məqsədinin Hülövlü kəndində sakinlərə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yaxşılaşdırmasından ibarət olduğunu bildirib. Qeyd olunub ki, ümumi dəyəri 120 min dollardan çox olan layihə üzrə qrant sazişi Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Lira” Gənc İstedadlar Cəmiyyəti arasında səkkiz ay bundan əvvəl imzalanıb. Bu, Xaçmaz rayonunda həyata keçirilən 7-ci sosial layihədir. Ümumilikdə isə “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində bu vaxtadək ölkəmizdə imzalanan 190 müqavilənin ümumi dəyəri 16 milyon ABŞ dollarından artıqdır.
Mərasimdə qeyd olunub ki, bu kimi layihələrin icrası Yaponiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradır.