REGİONLAR
Xaçmazda 27 inzibati ərazi dairəsi üzrə fermerlər şurası yaradılıb
Xaçmaz, 31 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda 27 inzibati ərazi dairəsi üzrə fermerlər şurası fəaliyyətə başlayıb. Hər bir şuranın üzvləri öz inzibati ərazi dairələri üzrə qabaqcıl təsərrüfatçılardan ibarətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 31-də Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilən görüşdə yeni yaradılan fermerlər şuralarının gələcək fəaliyyətləri barədə müzakirələr aparılıb.
Rayonun qabaqcıl fermerlərinin iştirakı ilə keçirilən toplantıda ölkəmizdə aparılan aqrar islahatlar haqqında danışılıb. Bildirilib ki, Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin qarşısında fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərdən həll yollarını birgə axtarmaq kimi vəzifələr qoyub.
Görüşdə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzin direktoru Azər Haqverdiyev çıxış edərək bildirib ki, əsas məqsəd fermerlərin torpaqdan daha səmərəli istifadə etməklə bol məhsul istehsal edib, daha çox qazanmalarına yardım göstərməkdən ibarətdir. Fermerlərin problemlərini müəyyən etmək, onların öz fəaliyyətlərini daha mükəmməl qurmasına kömək göstərmək qarşıda duran əsas vəzifələrdəndir. Şura üzvləri öz yaşadıqları ərazi üzrə fermerlərin qarşılaşdıqları çətinlikləri, eləcə də təsərrüfatçıların təkliflərini yerindəcə araşdırıb əlaqədar qurumlara məlumat verəcək. Yaradılan şuralar təsərrüfatçılar və Kənd Təsərrüfatı Nazirliyi arasında sıx əlaqəni təmin edəcək.
Toplantıda çıxış edən fermerlər də şuraların fəaliyyətinin zəruri olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, səylər birləşdirilsə, qarşıya qoyulan məqsədə daha tez çatmaq mümkün olacaq.
Görüşün sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb.