ELM VƏ TƏHSİL
Xaçmazda TOPs təlimlərində 150 fiziki tərbiyə müəllimi iştirak edib
Bakı, 24 dekabr, AZƏRTAC
“TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində növbəti təlimlər Xaçmaz rayonunda keçirilib.
AZƏRTAC xəbər verir ki, proqram Təhsil Nazirliyi, “British Council” Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını TOPs metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.
Təlimlərə Xaçmaz rayonu üzrə 150 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər zamanı müəllimlərə fiziki tərbiyə dərslərinin daha səmərəli və keyfiyyətli tədris metodları vasitəsilə şən, təhlükəsiz və inklüziv tədris edilməsinin yolları mənimsədilib.
Təlimlər zamanı müəllimlərə TOPs metodologiyası praktiki formada göstərilib, proqramın əhatə etdiyi müasir təlim üsulları yerində tətbiq olunub.
Bütün müəllimlərə milli fiziki tərbiyə kurikulumuna uyğun hazırlanan və gündəlik tədris planlaşdırmasını əvəz edəcək metodiki tədris kartları da təqdim olunub.
TOPs təlimlərində iştirak edən müəllimlər yeni metodologiyanı dərslərində tətbiq etdikdən sonra açıq dərslər və dərsdənkənar fəaliyyətlər zamanı müxtəlif idman festivalları təşkil edəcəklər. Burada məqsəd şagirdlərin həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirməklə, onların erkən yaşlarından idmana olan marağının artırılmasına nail olmaqdır.
Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.