REGİONLAR
Xaçmazda yaşayan 54 əlil və sağlamlıq imkanları məhdud şəxs reabilitasiya vasitələri ilə təmin olunub VİDEO
Xaçmaz, 14 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 14-də Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada Xaçmazda yaşayan 54 şəxsə xidmət göstərib.
AZƏRTAC xəbər verir ki, səyyar xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) şimal bölgəsində əlillər və sağlamlıq imkanları məhdud vətəndaşlar üçün təşkil etdiyi humanitar aksiya çərçivəsində reallaşıb. Xidmətlərdən yararlanan əlillər yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı və müxtəlif reabilitasiya vasitələri ilə təmin ediliblər.
Xaçmaz Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində təşkil edilən səyyar xidmətdən yararlanan əlillər aksiyanın təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Quba və Qusarda yaşayan 100-ə yaxın şəxs humanitar aksiya çərçivəsində oktyabrın 13-də səyyar protez-ortopedik bərpa xidmətindən yararlanıb. Sabah isə Siyəzən, Şabran və Xızıda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə xidmət göstəriləcək.