CƏMİYYƏT
Xaçmazdakı Çənlibel parkında fitosanitar monitorinqlər aparılıb
Bakı, 2 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Monitorinq Planı çərçivəsində keçirilən növbəti fitosanitar monitorinq Xaçmaz şəhərində Çənlibel parkının ərazisində aparılıb.
Müşahidələr zamanı dekorativ bitkilərdə torlu gənə və mənənə (yarpaq biti) zərərvericisinə rast gəlinib. Dekorativ bitkilərdə aşkar edilmiş zərərli orqanizmlərlə əlaqədar qabaqlayıcı profilaktik tədbirlər görülüb.
Monitorinq zamanı sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb və maarifləndirici tövsiyələr verilib.