MƏDƏNİYYƏT
“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi olub
Bakı, 13 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihəyə start verilib.
Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə YAP Gənclər Birliyinin əlaqələndiricisi Elmar Məmmədov çıxış edərək Azərbaycan xalq tətbiqi sənəti olan xalçaçılığın xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutduğunu və tarixən böyük inkişaf yolu keçdiyini bildirib.
Vurğulanıb ki, layihə ölkə başçısının imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Sərəncama uyğun olaraq reallaşıb.
Tədbirdə Xalça Muzeyinin YAP ilk ərazi təşkilatının sədri, layihənin əlaqələndiricisi Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlərboyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil olunub. Bir ay müddətinə nəzərdə tutulan tədris planı ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşlarının mühazirələri dinləniləcək, xalçaçı-rəssamlar iştirakçılara əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucular isə xalçanın toxunması texnikalarını öyrədəcək.
Sonra tədbirdə xalçanın yaranma tarixindən və xalça sənətindən bəhs edən videoçarx nümayiş olunub.
Sonda layihədə iştirak edən gənclərə sertifikat təqdim olunacaq.