MƏDƏNİYYƏT
Xalq artist Rafiq Əzimov fərqli obrazla teatrsevərlərin qarşısına çıxacaq
Bakı, 2 mart, Günel Əfəndiyeva, AZƏRTAC
Aktyorluq elə bir sənətdir ki, daim tamaşaçılara yeniliklər təqdim edilməlidir. Buna görə mən tamaşaçıları sevindirmək üçün yeni və fərqli obrazlarla səhnəyə çıxacacam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində 53 ildir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində fəaliyyət göstərən xalq artisti Rafiq Əzimov söyləyib.
R.Əzimov xalq artisti Azərpaşa Nemətovun bədii rəhbərliyi ilə Fransada yaşayıb yaradan ruminiyalı dramaturq E.İoneskonun “Stullar” əsərinin səhnələşdirilməsi ilə əlaqədar mütəmadi M.Mərdanov səhnəsində olacağını deyib. S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru İlkin Mehdiyevin rejissoru olduğu tamaşanın səhnələşdirilməsi üçün gərgin məşqlər getdiyini söyləyib. Qeyd edib ki, indiyə kimi belə tamaşa hazırlamayıblar.
O, tamaşanın səhnələşdirilməsinin çətin və maraqlı olduğunu bildirib. Beləki, əsər meydan tamaşası formasında olacaq və aktyorlar tamaşaçılarla birbaşa ünsiyyət quracaqlar.
Əsərin məzmunu bəşəriyyətə həsr olunub və hər bir stul müəyyən məna daşıyır. 95 yaşlı qoca və 94 yaşlı qadın ömürlərinin son günlərində bir adada yaşayır və bütün insanları, müxtəlif vəzifəli şəxsləri bura dəvət edirlər. Əsər fəlsəfi məzmun daşıyır.