MƏDƏNİYYƏT
Xalq artisti Hacıbaba Bağırovu xatırlayırıq VİDEO
Bakı, 13 iyun (AZƏRTAC). Hacıbaba Bağırov 1933-ci il iyunun 12-də Bakıda anadan olmuşdur. Aktyor olmaq istəyi onu 1947-ci ildə Azərbaycan Dövlət Dram Teatrı yanında aktyor studiyasına gətirmişdir. 1950-ci ildə o, Lənkəran Dövlət Dram Teatrında işləməyə başlamışdır. 1960-cı ildə Gəncə Dövlət Dram Teatrında aktyor qrupuna daxil olmuşdur, 1962-ci ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışmağa başlamışdır. Hacıbaba Bağırov tamaşaçıların yaddaşında "Arşın mal alan", "O olmasın, bu olsun", "Hicran" və bir çox tamaşalarda oynadığı rollarla daha çox qalmışdır.
Hacıbaba Bağırovun Azərbaycan kinematoqrafiyasının inkişafında da xüsusi xidmətləri olmuşdur. O, "Ulduz", "Onun bəlalı sevgisi", "Qanun naminə", "Alma almaya bənzər" və başqa filmlərdə çəkilmişdir. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın “Bankir adaxlı“ tamaşasına görə “Qızıl Dərviş“ mükafatına layiq görülmüşdür.
1996-cı ildən 2006-cı ilədək Azərbaycan Dövlət Musiqili Komediya Teatrının bədii rəhbəri və direktoru olmuşdur.
Hacıbaba Bağırov 2006-cı ildə vəfat etmişdir.