REGİONLAR
Xalq Cümhuriyyətinin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biri olub
Qax, 28 may, AZƏRTAC
28 May - Respublika Günü münasibətilə Qax şəhərində keçirilən toplantının iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhərin Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər tariximizə Respublika Günü kimi əbədi həkk olunmuş 28 may tarixinin Azərbaycanın azadlıq və istiqlaliyyət uğrunda mübarizə salnaməsində və xalqımızın yaddaşında ən unudulmaz günlərdən biri olduğunu vurğulayıblar.
Bildirilib ki, 97 il əvvəl, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının, göstərdiyi cəhdlərin məntiqi nəticəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyətinin fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən mühüm mərhələlərindən biri olub. Bu dövlətin qəbul etdiyi qanunlar, parlamentin təşəkkül tapması, milli ordunun yaradılması, Azərbaycan dilinin dövlət dili elan edilməsi xalqımızın uzun illər arzuladığı ən vacib məsələlər idi.
Diqqətə çatdırılıb ki, Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra, 1991-ci ildə xalqımız yenidən öz istiqlaliyyətinə qovuşub. Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdikdən sonra xalqımız böyük təzyiqlərə məruz qalıb, torpaqlarımızın 20 faizi mənfur qonşularımız tərəfindən qəsb olunub. Ölkəmizin taleyi, dövlətçiliyimizin müqəddəratı təhlükə ilə üzləşdiyi bir vaxtda ümummilli lider Heydər Əliyev xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlib. Məhz Ulu Öndərin böyük zəhməti, siyasi uzaqgörənliyi sayəsində əsrin sonlarında Azərbaycan öz müstəqilliyini qoruyub saxlayıb.
Natiqlər dahi rəhbərin xalqımıza ərmağan etdiyi müasir müstəqil Azərbaycan Respublikasının hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşadığını xüsusi vurğulayıblar.