MƏDƏNİYYƏT
Xalq Rəssamı Altay Hacıyevin yubiley sərgisi açılmışdır
Bakı, 28 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə görkəmli fırça ustası, Xalq Rəssamı Altay Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr edilmiş sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sənətkarın yaradıcılıq xüsusiyyətləri haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, rəssamın əsərlərinin mövzusu, ideya-bədii məzmunu, orijinal üslubu, kompozisiya tərtibatı, kolorit həlli həm Azərbaycan təsviri sənətindən, həm də Şərq duyumundan qaynaqlanır.
Diqqətə çatdırılmışdır ki, ötən dövr ərzində Altay Hacıyevin bir neçə fərdi sərgisi təşkil olunmuşdur.
Açılış mərasimdə çıxış edən Nizami adına Milli Ədəbiyyat Muzeyinin direktoru, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Rəfael Hüseynov sənətkarın boya-başa çatdığı ziyalı mühiti haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açmış A.Hacıyev zəngin yaradıcılığa malik bir sənətkardır. Azərbaycan tarixində xüsusi yer tutan qadınların portretləri sənətkar tərəfindən həm onların zahiri görkəminin, həm də daxili aləminin açılması baxımından böyük ustalıqla yaradılmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qalib Qasımov qocaman rəssamı nazir Əbülfəs Qarayevin adından təbrik etmişdir.
Tədbirdə çıxış edən digər natiqlər Altay Hacıyevin çoxşaxəli yaradıcılığından danışmışlar. Bildirilmişdir ki, rəssam yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf etmişdir. Neçə-neçə kitaba bədii tərtibat vermiş, bir çox əsərlərə illüstrasiyalar çəkmişdir. Bununla kifayətlənməyən rəssam həmçinin rəngkarlıq sahəsində də qiymətli əsərlər yaratmışdır. Onun rəngkarlıq əsərlərinin ana xəttini şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir.
Tədbirdə həmçinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın 80 illik yubileyi münasibətilə çap olunmuş “Xalq Rəssamı Altay Hacıyev” kitabının təqdimatı olmuşdur.
Sonda Altay Hacıyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sonra sərgiyə baxış keçirilmişdir. Rəssamın “Xalqımızın ulduzları” silsiləsindən olan “Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Xurşudbanu Natəvan”, “Tuti Bikə”, “Aşıq Pəri”, “Ağa Bəyim Ağa” və şəxsi kolleksiyasından “Mehriban Əliyevanın portreti” əsərləri böyük maraq doğurmuşdur.
Noyabrın 1-dək davam edəcək sərgidə rəssamın son illərdə yaratdığı 13 qrafika, 63 rəngkarlıq əsəri nümayiş etdirilmişdir.