ELM VƏ TƏHSİL
Xalq Şairi Nəriman Həsənzadə ilə görüş keçirilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq Şairi, dramaturq Nəriman Həsənzadə ilə görüş keçirilib.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru, professor Fərəh Əliyeva Xalq Şairini ali məktəbdə görməkdən məmnunluğunu ifadə edib, tələbələrin şairin əsərlərini əbədi yaşadacaqlarını xüsusi vurğulayıb.
ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva və filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə şairin ədəbi yaradıcılıq fəaliyyətindən danışıb, əsərləri ilə bağlı fikirlərini bölüşüblər.
Sonra qiraət ustadlarının ifasında Nəriman Həsənzadənin şeirləri dinlənilib.
ADMİU-nun və digər ali təhsil ocaqlarının tələbələrinin iştirak etdikləri görüşdə şairlə tələbələr arasında maraqlı diskussiya baş tutub. Tələbələrin suallarını cavablandıran Nəriman Həsənzadə əsərlərini yazarkən rastlaşdığı hadisələrdən danışıb və gənclik illəri ilə bağlı maraqlı xatirələrini bölüşüb. Son illər ölkəmizdə mütaliə səviyyəsinin aşağı olmasından təəssüf hissi keçirdiyini deyən şair gənclərə klassik və müasir yazıçılarımızın əsərlərini oxumağı tövsiyə edib.