REGİONLAR
Xalq təqvimi: yurdumuza bayramlar ayı Boz ay daxil olub
Gəncə, 20 fevral, Rauf Hacıyev, AZƏRTAC
Bu gün yurdumuza Boz ay daxil olub. Bu ay adətən görüləcək işlərin, keçirilən bayramların, həmçinin icra edilən mərasimlərin özünəməxsusluğu ilə seçilir.
AZƏRTAC xəbər verir ki, xalq təqviminə görə, Kiçik çillə fevralın 19-u ömrünü başa vurub, yerini Boz aya verir. Boz ay xalq arasında həm də “Alaçalpov”, “Çilləbeçə”, “Ağlar-gülər”, “Cəmlələr” adları ilə tanınır. Boz ay Kiçik çillənin qurtardığı vaxtdan yazın ilk gününə (martın 21-nə) qədər olan dövrdür. Aya bu cür ad verilməsi Boz ayda havanın buludlu, yağışlı, küləkli, bəzən günəşli - bir sözlə, dəyişkən keçməsi ilə bağlıdır.
Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Boz ayın dəyişkən olması ilə əlaqədar bir rəvayətdə deyilir ki, nə vaxtsa Göy Tanrı ili 12 aya bölüb. Bu vaxt hər aya 32 gün, təkcə Boz aya 14 gün düşüb. Boz ay inciməsin deyə, hər ay ömründən bir gün bu aya verib. Lakin Boz ay yenə narazı qalıb. Bunu görən ayların bəzisi ömründən bir gün də götürüb Boz aya verib. Elə ona görə də ayların bəzisi 30 gün, bəzisi isə 31 gündən ibarətdir. Deyilənlərə görə, Boz ayda havaların bu cür dəyişkən olmasının səbəbi hər aydan pay aldığına işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır. Kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında Boz aya “Bayram ayı” da deyilir.
Bölgələrimizdə müxtəlif adlarla bilinən Boz ayın dörd çərşənbəsi çilləçıxartma dövrünü əhatə edir.
Novruzdan əvvəl hər biri müxtəlif ayinlər və mərasimlərlə icra olunan son 4 çərşənbəyə Azərbaycan folklorunda və mədəniyyətində xüsusi önəm verilir. Yaradılışın mərhələlərini əks etdirən bu çərşənbələr 4 ünsür - su, od, torpaq və küləklə əlaqələndirilir.
Xalq təqviminə görə, Novruz bayramına qədər ilk olaraq Su çərşənbəsi qeyd olunur. Bu çərşənbədə icra olunan mərasimlər və görülən işlər əsasən su ilə bağlıdır. Folklorumuzda bununla bağlı çoxlu sayda bayatılara, əfsanələrə, rəvayətlərə, nağıllara, eləcə də mərasimlərə rast gəlmək mümkündür.