“XALQ VƏ DÖVLƏT NAMİNƏ”
Ümummilli liderimiz, unudulmaz Prezidentimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu kitabda müəllifin son illər dövri mətbuatda dərc edilmiş bir sıra məqalələri, habelə “Xilaskar”, “Akademik Zərifə Əliyeva”, “Vaşinqton görüşləri” və “Sabaha inamla” filmlərinin ssenariləri toplanmışdır.
Kitabda zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı, artıq beynəlxalq aləmdə böyük nüfuz qazanmış Prezident İlham Əliyevin həyat və fəaliyyətinin əsas məqamlarından bədii-publisistik üslubda söhbət açılır.
Xatırladaq ki, Nizami Xudiyev siyasət nəhəngi Heydər Əliyevin parlaq fəaliyyəti haqqında onlarca məqalə, çoxlu ssenari, bənzərsiz natiqlik məharəti haqqında isə xüsusi kitab yazmışdır. Bununla belə, özünün etiraf etdiyi kimi, həyatı bütün nəsillərə nümunə olan böyük şəxsiyyət barəsində yenə də söz deməyə ehtiyac duymuşdur.
Müəllif oxucuları xəyalən bir daha ötən əsrin 90-cı illərinə aparır, bir daha xatırladır ki, məhz Heydər Əliyevin böyük tarixi xidmətləri sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanmış, möhkəmləndirilmiş, dönməz, əbədi bir səciyyə kəsb etmişdir. Məhz onun iradəsi, məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın iqtisadiyyatı dirçəlmiş, yenidən inkişaf dövrünə qədəm qoymuş, “Əsrin müqaviləsi”, İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlanılması, xarici sərmayədarların, dünyanın nüfuzlu şirkətlərinin Azərbaycana marağının artması mümkün olmuşdur. “Müdriklik zirvəsi”, “Dahi xilaskar”, “Əbədi qurtuluş yolu” və başqa yazılarda bunlar barədə ətraflı danışılır.
“Heydər Əliyev: Azərbaycan Televiziyası və Radiosu” sərlövhəli geniş məqalədə ümummilli liderimizin bu qüdrətli təbliğat vasitələrinin inkişafına qayğısından bəhs edilir. Hazırda bu sahəyə bilavasitə rəhbərlik edən müəllif xatırladır ki, 50 ilə yaxın yaradıcılıq ömrü yaşayan Azərbaycan televiziyasının böyük bir dövrü Heydər Əliyev ideyalarından bəhrələnmişdir. Bir çox radio və televiziya nəzəriyyəçilərinin və təcrübəli jurnalistlərinin gəldiyi qənaətə görə, Heydər Əliyev teleradio ilə təbliğatın öz nitqləri və çıxışlarında əsasən tarixi-siyasi, milli-əxlaqi, elmi-maarifçilik istiqamətlərinə ideyalar vermişdir. Tarixi biliklərin kütləviləşdirilməsi, tədrisin elektron informasiya vasitəsinə keçirilməsi və əhalinin marağının bu sahəyə istiqamətləndirilməsi də Heydər Əliyev ideyalarındandır. Bundan əlavə, bu gün Azərbaycan radiosu və televiziyasının dilinin ədəbi dil normasına, bir növ etalona çevrilməsi məhz Heydər Əliyevin nitq mədəniyyətinin təməl prinsiplərinə əməl etməsi sayəsində başa gəlmişdir.
Heydər Əliyevin Azərbaycan dövləti, canından artıq sevdiyi və bu yolda özünü fəda etdiyi Vətəni, doğma xalqı qarşısında xidmətləri misilsiz, saysız-hesabsızdır. Ona görə də Heydər Əliyev qədirbilən xalqımızın ürəyində, düşüncəsində yaşayır və əsrlər boyu yaşayacaqdır.
“Varislik fəxr edilməli xüsusiyyətdir, utanılası yox”, “Xalqın inandığı lider haqqında düşüncələrim”, “Daha böyük nailiyyətlərə təminat yaradan uğurlu fəaliyyət” yazıları Prezident İlham Əliyev haqqındadır. Bunların bir leytmotivi var: İlham Əliyev yeni əsrin yeni lideridir. Müəllif onun Dövlət Neft Şirkətində, Milli Olimpiya Komitəsində, Avropa Şurasında uğurlu fəaliyyətindən məhəbbətlə söz açır. Obrazlı şəkildə deyir ki, “Heydər Əliyev zülmətləri əridən Günəş, İlham Əliyev həmin Günəşdən süzülən nurdur”.
Kitabda əbədi liderimiz Heydər Əliyevin və onun layıqli varisi İlham Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən 100-ə yaxın rəngli şəkil verilmişdir.
Nəşrin elmi redaktoru filologiya elmləri namizədi, dosent Faiq Şahbazlıdır.