Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

XALQIMIZ PREZİDENT HEYDƏR ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ XXI ƏSRDƏ DAHA DA YÜKSƏK ZİRVƏLƏR FƏTH EDƏCƏKDİR
BU FİKİR DÖVLƏT TELEVİZİYASI VƏ RADİOSU KOLLEKTİVİNİN AZƏRBAYCAN PREZİDENTİNƏ MÜRACİƏTİNİN ÜMUMİ RUHUNU ƏKS ETDİRİR

Əziz və möhtərəm Prezident!

Biz - Dövlət televiziyası və radiosunun çoxminli kollektivi müasir dünyamızın siyasət korifeylərindən biri kimi Sizin möhtəşəm fəaliyyətinizi daim izləyir, beynəlxalq sistemdə müstəqil Azərbaycanın mövqeyinin möhkəmlənməsi, xalqımızın bu günü və işıqlı gələcəyi naminə gördüyünüz işlərin ekran-efir salnaməsini yaratmağı özümüzə şərəf bilirik. Siz bir çox sahələrdə olduğu kimi, xalqımızın zəngin milli-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, Azərbaycan mətbuatının, televiziya və radiomuzun milli ənənələr əsasında daha da tərəqqisi və müasir standartlar səviyyəsinə yüksəldilməsi məsələlərini də daim diqqət mərkəzində saxlayır, ona qayğı ilə yanaşırsınız.

Şirkətimizin yaradıcı kollektivlərinin maaşlarının, quruluş haqları və qonorarlarının dəfələrlə artırılması, həyatını teleradionun inkişafına həsr etmiş görkəmli mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi də Sizin bu sahəyə böyük qayğınızın parlaq təzahürüdür. Bu mənada Sizin mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri işçilərinin əmək haqlarının 50 faiz artırılması barədə 5 iyun 2003-cü il tarixli Sərəncamınız bizim hədsiz sevincimizə səbəb olmuşdur. İşinizin son dərəcə gərgin olduğu bir vaxtda mətbuat, teleradio, mədəniyyət və incəsənət işçilərinin rifahının yüksəldilməsinə göstərdiyiniz qayğı qəlbimizi daha da fərəhləndirir. Biz bu Sərəncamı sosial vəziyyətimizin yaxşılaşdırılmasına göstərdiyiniz diqqət və qayğının nəticəsi kimi yüksək qiymətləndirir, Sizə - müstəqil Azərbaycanın müdrik dövlət başçısına dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident!

Bizə göstərdiyiniz bu qayğı daim Azərbaycan dövlətçiliyi mövqeyində dayanan, bu prinsipə sadiq olduğunu dönə-dönə sübut edən qədirbilən kollektivimizi daha yaxşı işləməyə, Sizin apardığınız daxili və xarici siyasətin mahiyyətini hər bir tamaşaçıya və dinləyiciyə daha yüksək sənətkarlıqla çatdırmağa ruhlandırır. Çoxmilli kollektivimizin hər bir üzvü Sizin dövlətçilik ideologiyanızı dəstəkləyən mübariz əsgər kimi bütün çətinlikləri dəf etməyə hazırdır və özünü Sizin qurduğunuz müstəqil və demokratik Azərbaycanın vətəndaşı hesab edərək bundan xüsusi qürur duyur.

XX əsrdə Azərbaycana iki dəfə öz milli azadlığını, dövlət müstəqilliyini elan etmək nəsib olmuşdur. Əsrin əvvəllərində müxtəlif səbəblər üzündən müstəqilliyimizi qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonunda respublikamızda çox mürəkkəb hadisələrin cərəyan etdiyi bir dövrdə xalqın tələbi ilə Sizin siyasi hakimiyyətə qayıdışınız bu müstəqilliyi saxlamağa imkan verdi. Qısa zaman kəsiyində Sizin həyata keçirdiyiniz müdrik daxili və xarici siyasət ölkəmizi ağır böhrandan və məhv olmaq təhlükəsindən xilas etdi. İndi dövlət müstəqilliyimiz dönməz xarakter alıb və biz sevinirik ki, bu müstəqillyin möhkəmləndirilməsi işində televiziya və radionun bütün kollektivi Sizin sadiq köməkçinizdir.

Sizin Vətən qarşısında xidmətlərinizi qədirbilən xalqımız misilsiz fədakarlıq kimi qiymətləndirir və biz haqlı olaraq bununla fəxr edirik. Əminik ki, xalqımız Sizin rəhbərliyinizlə XXI əsrdə daha da yüksək zirvələr fəth edərək öz tarixinin yeni şanlı səhifələrini yazacaqdır.

Əziz və möhtərəm Prezident!

Sizi - Azərbaycan xalqının xilaskarını, müstəqil dövlətimizin qurucusunu, dünya miqyaslı görkəmli siyasi və dövlət xadimini 15 iyun - Milli Qurtuluş gününün 10 illiyi münasibətilə televiziya və radio işçiləri adından səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, doğma Vətənimiz Azərbaycanın inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin