İQTİSADİYYAT
Xaricə avans köçürülərkən malların gəlmə müddəti ilə bağlı qaydalar pozularsa, vergiödəyicilərinə cərimə tətbiq olunur
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2020-ci il 20 fevral tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı-ekspert Aytən Abdıyevanın sözlərinə görə, dəyişikliyə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılıb.
Eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb: “Bəzən banklar əvvəllər köçürülən avansın yük gömrük bəyannaməsi, təhvil-təslim aktı kimi malların gəlişini təsdiq edən sənədləri istəyirlər. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş günü ərzində Mərkəzi Banka təqdim edir. Burada əsas məqsəd ölkədən valyuta axınının qarşısını almaqdır”.
Ekspert qeyd edib ki, əgər bu qaydalar pozularsa, vergiödəyicilərinə cərimələr tətbiq olunur. Bu zaman vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. Bununla bağlı sənədləri isə mütləq şəkildə təqdim etmək lazımdır.