ELM VƏ TƏHSİL
Xarici dil fənni üzrə elmi-metodiki seminar keçirilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Xarici dil (ingilis dili) fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, seminarda bu il ali məktəblərə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında ingilis dili fənnindən istifadə edilmiş test tapşırıqları (A variantı) elmi-metodiki cəhətdən təhlil olunmuşdur.
Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlərlə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba regional bölmələrində həmin bölgələrin müvafiq fənn müəllimləri də eyni vaxtda bu seminarda iştirak etmiş, onlayn rejimində internet vasitəsilə test tapşırıqları barədə fikirlərini bildirmişlər. Müzakirələr nəticəsində test tapşırıqlarının qəbul proqramına və dərsliklərə tam uyğun olduğu təsdiqlənmişdir.
Növbəti seminarda B variantı üzrə test tapşırıqlarının elmi-metodiki cəhətdən təhlili aparılacaqdır.