XARİCİ İŞLƏR NAZİRLİYINDƏ GÖRÜŞ
Fevarlın 22-də xarici işlər nazirinin müavini Xələf Xələfov İsveç- Azərbaycan Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
X. Xələfov onların Bakıya səfərinin qarşılıqlı əlaqələrin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu vurğuladı, Prezident Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən iqtisadi, siyasi, hüquqi islahatlar, Azərbaycanın dünya birliyinə inteqrasiya sahəsində əldə edilmiş uğurlar barədə ətraflı məlumat verdi.
Turizmin inkişafına xüsusi diqqət yetirildiyini söyləyən nazir müavini dedi ki, əcnəbi turistlərin, habelə iş adamlarının səfərləri zamanı viza məsələsində çətinliklərlə üzləşməmələri üçün Bakının Binə hava limanında XİN-nin konsulluq şöbəsi yaradılmışdır.
Qeyd olundu ki, xaricdə yaşayan həmvətənlərimizlə əlaqələrə də xüsusi diqqət yetirilir. Bu məqsədlə ayrıca Dövlət Komitəsi, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradılmışdır.
Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan X.Xələfov dedi ki, Ermənistan təcavüzkar dövlətdir, on ildən çoxdur Azərbaycanın torpaqlarının 20 faizini işğal altında saxlayır, bir milyondan çox azərbaycanlı qaçqın-köçkünün əksəriyyəti çadırlarda ağır şəraitdə yaşayır. Azərbaycan Prezidenti Heydər Əliyev münaqişənin sülh yolu ilə həllinə çalışır, amma Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermir. Biz münaqişənin sülh yolu ilə həllində ATƏT-lə yanaşı, digər beynəlxalq qurumların da səylərinin artmasını istəyirik.
Avropa parlamentinin və İsveç-Azərbaycan Komitəsinin üzvü Olle Şmid ətraflı məlumata görə minnətdarlığını bildirərək dedi ki, bu cür səfərlərin nəticəsində müsbət və obyektiv qərarlar qəbul etmək olur. Bu səfərimizdə biz Azərbaycanla bağlı bir çox həqiqətləri öyrənə bildik.