ELM VƏ TƏHSİL
Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 58 namizəd barədə müsbət qərar çıxarılmışdır
Bakı, 30 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 58 namizəd barədə müsbət qərar çıxarılmışdır.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, həmin tələbələr təhsillərini Türkiyə (36 nəfər), Böyük Britaniya (11 nəfər), Avstraliya (3 nəfər), İtaliya (2 nəfər), Kanada (2 nəfər), Malayziya (1 nəfər), ABŞ (1 nəfər), Rusiya (1 nəfər) və Macarıstanda (1 nəfər) rezidentura (23 nəfər), bakalavriat (20 nəfər), magistratura (14 nəfər) və doktorantura (1 nəfər) səviyyələrində tibb, iqtisadiyyat, mühasibat uçotu, maliyyə, mühəndislik, nanotexnologiya, kompyuter elmləri və turizm ixtisasları üzrə davam etdirəcəklər.
Digər namizədlər barədə müvafiq qərar qəbul olunduğu zaman bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.