İQTİSADİYYAT
Xarici ticarət dövriyyəsi 9,3 faiz artmışdır
Bakı, 5 avqust (AZƏRTAC). 2011-ci ilin ilk altı ayında Azərbaycanın dövlət və qeyri-dövlət təşkilatları, habelə ayrı-ayrı fiziki şəxsləri 138 xarici dövlətlə 17,4 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları aparmışlar. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9,3 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, əmtəə mübadiləsinin 2,9 milyard dolları MDB, 14,5 milyard dolları isə digər dövlətlərlə həyata keçirilmişdir. Xarici ticarət dövriyyəsinin 13,1 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,3 milyard dollarını ölkəmizə idxal edilmiş məhsullar təşkil etmiş, 8,7 milyard dollarlıq müsbət xarici ticarət saldosu yaranmışdır.
Xarici ticarət əməliyyatlarının beşdə dörd hissəsindən çoxu (80,7 faizi) İtaliya, Fransa, Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Belarus, Almaniya, Hindistan, İsrail və Çin dövlətləri ilə aparılmışdır.