DÜNYA
Xarkovda yeddi ölkənin nümayəndələri Novruz bayramını qeyd etmişlər
Kiyev, 26 mart (AZƏRTAC). Slobojanşinada ilk dəfə beynəlxalq Novruz bayramını Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Türkiyə, Özbəkistan və Rusiyanın nümayəndələri birgə qeyd etmişlər.
Xarkov Vilayəti Dövlət Administrasiyasının və şəhər sovetinin dəstəyi ilə Yaroslav Mudrı adına Milli Hüquq Universitetinin mədəniyyət evində beynəlxalq Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə regionun səkkiz milli-mədəniyyət birliyinin yaradıcı kollektivləri iştirak etmişlər.
Bayram çərçivəsində tədbir iştirakçısı olan ölkələrin təqdimatları keçirilmiş, qonaqlar onların milli rəmzləri və mətbəxləri, xalq çalğı alətləri ilə tanış olmuşlar. Sonra milli-mədəniyyət birliklərinin yaradıcı kollektivlərinin konsert proqramı təqdim olunmuşdur.
Vilayət və şəhər hakimiyyətinin nümayəndələri, diplomatik korpusun, Xarkov ictimaiyyətinin təmsilçiləri, azərbaycanlılar bayram tədbirinin qonaqları qismində iştirak etmişlər.
Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Asim Osmanov, Xarkov Vilayəti Dövlət Administrasiyası Daxili Siyasət İdarəsinin rəisi Olqa Dutova, Xarkov şəhər sovetinin vətəndaş birlikləri ilə iş şöbəsi rəisinin müavini Marina Yeqorova, Ukrayna Milli-Mədəniyyət Birlikləri Assosiasiyasının icraçı direktoru Anna Timoşevskaya, özbək icmasının ağsaqqalı, Xarkov vilayəti “Multikulti.UA” ictimai təşkilatının sədri Sergey Savitski, Xarkov vilayəti ali bədən tərbiyəsi və idman məktəbinin direktoru, Ukraynanın əməkdar bədən tərbiyəsi və idman işçisi Anatoli Popov iştirakçıları Bahar bayramı münasibətilə təbrik etmişlər.
Tədbirin keçirilməsinin təşəbbüsçüsü və təşkilat komitəsinin sədri Xarkov vilayəti “Dostluq” Azərbaycan-Ukrayna dostluq cəmiyyəti idarə heyətinin üzvü, Xarkov Vilayəti Dövlət Administrasiyasının Milli-Mədəniyyət Birlikləri Rəhbərləri Soveti həmsədrinin müavini Şahin Ömərov olmuşdur. Rejissor Ukraynanın xalq artisti Qurban Abbasovdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev