MƏDƏNİYYƏT
“Xaş-xaşın göz yaşı” tamaşası 80 layihə arasında yer alıb
Bakı, 15 aprel, AZƏRTAC
Bakı Uşaq Teatrının tamaşası Pampidou Qrupunun həyata keçirdiyi layihədə yer alıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “ Xaş-xaşın göz yaşı” adlı bu tamaşa Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb və 80 layihə arasında ilk üçlüyə düşüb. Tamaşanın müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltandır.
Bu, Azərbaycanda AİDS mövzusunda hazırlanmış ilk maarifləndirici teatr tamaşasıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin sifarişi ilə hazırlanmış tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, AIDS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.
Yeniyetmələr və böyüklər üçün nəzərdə tutan 1 saat 15 dəqiqəlik səhnə əsərində qoyulan problemlər bir qrup tələbə gəncin timsalında tamaşaçıya çatdırılır.