XƏLİFƏ OSMANIN MƏŞHUR QURANI DAŞKƏNDDƏ SƏRGİDƏ NÜMAYİŞ ETDİRİLİR
Hesab olunur ki, bu Quranı İslamın üçüncü xəlifəsi Osman Mədinədə tərtib etmişdir. O vaxtadək müsəlmanlar Allahın Məhəmməd Peyğəmbərə nazil etdiyi müqəddəs ayələri hafizələrində saxlayır, şifahi şəkildə bir-birinə ötürür, yaxud taxta lövhələrdə, dəvə sümüklərində yazırdılar. Osman yaranmış fikir ayrılıqlarına son qoymaq üçün Məhəmməd Peyğəmbərin ölümündən 19 il sonra - 651-ci ildə öz versiyasını tərtib etmişdi.
Osmanın Müqəddəs Quranı Əmir Teymur müasir İraq ərazisini fəth etdikdən sonra Səmərqəndə gətirilmişdi. Burada o, demək olar, 400 il hifz edilmiş, daha sonra Rusiya İmperiya kitabxanasına verilmişdi. Yalnız 1924-cü ildə özbəklərin təkidli xahişi ilə Osmanın Quranı Daşkəndə qaytarılmışdır.
Misilsiz Quran “Muy-Mübarək” (Müqəddəs saç) mədrəsəsinin kitabxanasında şüşə vitrinli xüsusi seyfdə saxlanılır. Çox nadir əmanət - Məhəmməd Peyğəmbərin saçı da buradadır. Kitabxanada 20 mindən çox kitab və 3 min əlyazma toplanmışdır. Ən qədim kitab isə, şübhəsiz, xəlifə Osmana məxsus Müqəddəs Qurandır.