CƏMİYYƏT
Xətai rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
Bakı, 23 aprel, AZƏRTAC
Müqəddəs Ramazan ayı münasibətilə Bakının Xətai rayonunda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
AZƏRTAC xəbər verir ki, iftar süfrəsində rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP rayon təşkilatının sədri Vüqar Rəhimzadə, rayon Ağsaqqallar Şurasının sədri professor İzzət Rüstəmov, Xalq artisti, şəhid atası Əli Nur, Əməkdar artist Azad Şükürov, Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə Mansurova, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun atası Aydın Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev deyib ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayını dünya müsəlmanları “12 ayın sultanı” adlandırırlar.
“İftar süfrələrinin təşkil edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilib”, - deyən R.Quluyev vurğulayıb ki, ilyarım əvvəl 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. “Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı.
Sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.
Natiqlər qeyd ediblər ki, xalqımız Vətənimizin ərazi bütövlüyünün təmin olunması uğrunda mübarizədə şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının rəşadət və şücaətlərini yüksək dəyərləndirir, müqəddəs Ramazan ayında şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına, dövlətimizin başçısına və onun ailəsinə Uca Allahdan xeyir-dualar diləyir.