REGİONLAR
Xətai rayonunda təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satış yarmarkasında alıcılar və satıcılar üçün hər cür şərait yaradılmışdır
Bakı, 22 dekabr (AZƏRTAC). Dekabrın 22-də Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Salyan, Biləsuvar, Qax, Şəmkir, Kürdəmir, Quba, Astara və digər rayonlardan 250 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları gətirilmişdir.
AZƏRTAC xəbər verir ki, yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb etmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmışdır. Nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.
Yarmarkada kartof, soğan, meyvə, tərəvəz, ağartı və ət məhsulları və s. satılır. Məhsullar bazarlardakından 20-25 faiz ucuz satılır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Kənd təsərrüfatı naziri İsmət Abasov və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yarmarkaya gələrək burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olmuş, məhsulların keyfiyyəti, paytaxt sakinlərinin rəy və təklifləri ilə maraqlanmışlar.
İsmət Abasov jurnalistlərə müsahibəsində bildirmişdir ki, yarmarkadakı qiymətlər bazarlardakından xeyli aşağıdır. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilbəil artır. Məhsul istehsalı artdıqca qiymətlərin də aşağı düşməsi tendensiyası özünü göstərir. Ümumilikdə indiyədək 680 yarmarka keçirilmiş, 150 min ton müxtəlif kənd təsərrüfatı məhsulları satılmışdır. Yarmarkalar bundan sonra da davam edəcəkdir.