QAN YADDAŞI
Xətai rayonundakı 86 nömrəli məktəbin müəllimi: Hər il şagirdlərlə birgə “Ana harayı” abidəsini ziyarət edirik
Bakı, 26 fevral, AZƏRTAC
Hər il məktəbimizin şagirdləri ilə birlikdə Xətai rayonundakı Xocalı parkına gələrək faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edirik. Bu gün də səhər tezdən Xocalı abidəsini ziyarət etmək üçün məktəbliləri ziyarətə gətirmişik. Biz 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımını unuda bilmərik. Artıq bir həftədir məktəbdə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirir, inşa yazı və şeir müsabiqələri təşkil edirik. Xocalı soyqırımı barədə hadisələr haqqında uşaqlara məlumat veririk. Şagirdlərlə birlikdə bu abidəni ziyarət etmək bu silsilə tədbirlərin davamıdır.
Bu barədə AZƏRTAC-a müsahibəsində fevralın 26-da Xətai rayonunda soyqırımı abidəsini ziyarət edən Bakı şəhərinin Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin müəllimi Seyidxanım Mirzəzadə deyib.
Faciədən 28 il ötməsinə baxmayaraq, Xocalı qətliamının heç vaxt unudulmayacağını vurğulayan S.Mirzəzadə bildirib: “1992-ci il fevralın 26-sı tariximizə qanla yazılmış tarixi səhifədir. Bu faciə bəşər tarixində ən qanlı cinayətlərdən, XX əsrin ən dəhşətli soyqırımlarından biridir. Biz bu hadisələr haqqında şagirdlərimizə daim ətraflı məlumat verir və gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsinə çalışırıq. Məktəbdə təhsil alan şagirdlərə Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu aşılayırıq. Beləliklə, onlarda öz doğma torpaqlarımızı azad edəcəyimizlə bağlı inam daha da möhkəmlənir”.