Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

XƏZƏR DƏNİZİNİN AZƏRBAYCAN SEKTORUNDA BAHAR YATAĞININ VƏ QUM-DƏNİZ YATAĞININ DAXİL OLDUĞU BLOKUN KƏŞFİYYATI, BƏRPASI, İŞLƏNMƏSİ VƏ HASİLATIN PAY BÖLGÜSÜ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ, BAHAR ENERCİ LİMİTED VƏ ARDNŞ-İN ORTAQ NEFT ŞİRKƏTİ ARASINDA SAZİŞİN QƏBUL VƏ TƏSDİQ EDİLMƏSİ, HƏYATA KEÇİRİLMƏSİNƏ İCAZƏ VERİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2009-cu il 25 noyabr tarixli 607 nömrəli Sərəncamına uyğun olaraq, 2009-cu il dekabrın 22-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (“ARDNŞ”) ilə Bahar Enerci Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti (“ONŞ”) arasında Saziş bağlanmışdır.

Azərbaycan Respublikasının Milli Məclisi:

Azərbaycan Respublikasının qanunvericiliyində Sazişin əhatə etdiyi məsələlərin tam və müasir tələblərə uyğun olaraq nizamlanmadığını;

Azərbaycan Respublikasının karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikasının Qanununun olmamasını;

Sazişin şərtlərinə görə onun qanunverici orqan tərəfindən təsdiqindən sonra Qanun olmasını;

bu Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə alaraq,

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır:

1. “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Bahar Enerci Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra “Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 11 fevral tarixli 34 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri (bundan sonra “Hökumət təminatı” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

3. Sazişin əsas mətninə edilmiş on (10) Əlavə və bir (1) Qoşma (bundan sonra “Əlavələr” adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə icazə verilsin.

4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin