CƏMİYYƏT
Xəzər dənizinin Azərbaycana aid hissəsində aparılan monitorinq zamanı 56 müxtəlif koordinatdan nümunələr götürülüb
Bakı, 27 aprel, AZƏRTAC
Xəzər dənizinin Azərbaycan Respublikasına aid olan hissəsində neft-qaz yataqlarının Xəzər dənizinə və ətraf mühitə təsirlərinin öyrənilməsi, dənizin bioloji ehtiyatları, eləcə də ekoloji vəziyyətlə bağlı məlumatların əldə edilməsi məqsədilə kompleks ekoloji tədqiqatlar keçirilməsi zərurəti yaranıb. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu ilin fevralında əmr imzalanıb. Əmrə əsasən, nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin, Milli Hidrometeorologiya Xidmətinin, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin, “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bunu “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin baş məsləhətçi-müfəttişi Bəxtiyar Seyidov deyib.
B.Seyidovun sözlərinə görə, aprelin 1-dən 9-dək Milli Qəhrəman Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə Xəzər dənizinin Azərbaycan hissəsində yerləşən “Bahar”, “8 Mart”, “Ələt-dəniz”, “Bulla-dəniz” “Ümid”, “Şahdəniz”, “Abşeron”, “Çıraq”, “Mərkəzi Azəri”, “Çıraqlı”, “Neft Daşları”, “Səngəçal” və digər yataqlarda monitorinq işləri həyata keçirilib. Monitorinq zamanı 56 müxtəlif koordinatdan hava, su, qrunt nümunələri götürülüb. Götürülmüş su nümunələri üzərində fiziki analizlər – suyun temperaturu, duzluluğun, pH-ın təyini gəmidəki laboratoriyada həyata keçirilib. Digər nümunələr təhlil olunması üçün “AZELAB” MMC-nin mərkəzi laboratoriyasına təqdim olunub. Hazırda nümunələr üzərində təhlil aparılır.